Misli Premyer Liqasının III turu çərçivəsində səfərdə "Sumqayıt"ın qonağı olan "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
"Futbolçularımı təbrik edirəm. Baxmayaraq ki, azlıqda qaldıq, amma qalib gəlməyi bacardıq. Rəqib topla yaxşı oynamağı bacarır. Rəqibin qarşısını almaqda bəzən çətinliklər çəkirdik. Onlara uğurlar arzulayıram. Azarkeşlərimizə də bu havada bizi yalnız buraxmadıqları üçün minnətdarlığımı bildirirəm".
- Kadi Borgesin qırmızı vərəqə aldığı epizodla bağlı düşüncələriniz?
- Belə bir hal baş verməsi yolverilməzdir. Bizim futbolçular daim nizam-intizamı ilə seçilib. Əvvəlki "Tvente" ilə matçda fikrimcə, qırmızı vərəqə yox idi, lakin bu oyunda həmin epizodda var idi. Yüngül iradlarımı da Kadiyə bildirdim. Mən nə qədər onları sakitləşdirsəm də, "Tvente" ilə matçdan sonra psixoloji gərginlik var idi və bunun olması da normal bir haldır.
- Bütün amilləri nəzərə alsaz, "Qarabağ"ın tam olaraq nə vaxt hazır olacağını düşünürsünüz?
- Buna biraz zaman lazımdır. Futbolçuların bir-birinə tam uyğunlaşması üçün vaxt gərəklidir. Oyundan-oyuna yaxşılığa doğru gedəcəyini düşünürəm.
- Belə bir deyim var ki, bəzən bir addım irəli atmaq üçün 2 addım geri atmaq lazımdır. Bu deyimi "Qarabağ"la uyğunlaşdırmaq olarmı?
- Geri addım atmağın faydası var hardasa. Amma bizim bir psixologiyamız var. Belə ki, biz istəyərək geri addım atmalı deyilik. Rəqib bizə bunu vadar edir. Bəzən biz məcbur geri addım atırıq. Yenilənməyə ehtiyac var. Təcrübəli mütəxəssis Ferqyuson deyirdi ki, bir komandanın yenilənməsi üçün ən azı 3-4 il lazımdır. Bizdə bu vəziyyət olmasa da, müəyyən zamandan sonra yaxşılığa doğru irəliləyiş olacaq.
- "Tvente" ilə matçdan sonra bütün futbol ictimaiyyəti 2 yerə bölünmüşdü...
- Mənim sevdiyim, yaşadığım, güvəndiyim bir Azərbaycan var. 2 yerə bölünən anlayış mənim düşüncəmdə yoxdur. Vətən müharibəsindən sonra bu anlayış məndə bu fikir daha da qabardı. Fikir ayrılıqları ola bilər. Hər şey qaydasındadır. Bizimbir vəzifəmiz var. Meydanda döyüşməliyik. Heç bir yazıya cavab vermək niyyətində deyiləm.
Orxan Həsənquluyev
saytlarin hazirlanmasi
