"Lixtenşteyni rahat məğlub edəcəyik, amma Litva ilə görüşdə millidən daha çoxunu gözləyirdim"

11:22 - 1 Oktyabr 2026

Azərbaycan milli komandasının sabiq kapitanı Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası səfərdə Litva ilə bərabərə qaldı. Gözləntiniz fərqli idi, yoxsa düşünürdüz ki, qalib gələcəyik?

- Düzdür, millimiz səfərdən bir xalla geri qayıtdı. Amma gözləntimiz böyük idi. Düşünürdüm ki, milli səfərdə oynasa da, üç xal gətirəcək. Təssüflər olsun ki, belə alınmadı. Düzdür, səfərdə bir xal da bir xaldır. Amma mən millidən daha çoxunu gözləyirdim.

- Ümumiyyətlə, millimizin səfərdə Litvanı məğlub edə bilməməsini nə ilə əlaqələndirirsən?

- Futboldur da, bir xal da bir xaldır. Amma fikrimcə, biz Litva kimi komandalarla maksimum nəticə əldə edə bilərik. Nə çatışmadı deyəndə ki, millimiz yaxşı oyun göstərə bilmədi. Ona görə də heç-heçə etdik.

- Azərbaycan millisi Ayxan Abbasovun rəhbərliyi altında gələcəyə ümid verir? 

- Ayxan Abbasov yeni təyin olunanda yaxşı başlamışdı, millimiz də yaxşı başlamışdı. Millimiz yaxşı oyunlar keçirmişdi. Ayxan müəllimə bir az da vaxt versələr, bəlkə nəticələr daha da yaxşı alınacaq, həm də oyun sarıdan...Bundan əvvəl xarici məşqçilər gələndə də görmüşük, onlar da nəticə verə bilmirdi. Mən də deyirdim ki, millidə yerli məşqçi olmalıdır. Bəlkə də Ayxan müəllimə vaxt çox versələr, oyun baxımından irəliləyiş olar. Sadəcə Ayxan müəllimi də başa düşmək olar. Futbolçu seçimində çətinlik çəkir. Millinin əksər oyunçuları öz klublarında az oynayırlar, oyun praktikaları azdır. Bu da istər-istəməz millinin oyunlarına təsir edir. Ona görə də düşünürəm ki, baş məşqçimizə bir az vaxt vermək lazımdır.

- Azərbaycan millisi qarşıdakı turda, oktyabrın 1-də Lixtenşteynlə qarşılaşacaq. Onları necə məğlub etmək mümkün olacaq?

- Onlara necə qalib gəlmək lazımdır deyəndə, biz Lixtenşteyni rahat məğlub edə bilərik, etməliyik. Biz Lixtenşteyndən də qorxacağıqsa, onları da məğlub edə bilməyəcəyiksə, futbolun inkişafını necə düşünək, digər millilərə qarşı necə edəcəyik? Millimiz rahat qələbə qazanacaq. Buna gücümüz çatır. Hər şeydə onlardan üstünük. Rahat qələbə qazanacağıq.

- Milli bu qrupda birinci yeri tuta biləcək səncə? Bu qrupda lider olaraq, ən yaxşı nəticə qazanaraq D Liqasının ən yaxşısı kimi AVRO-2028-in pley-offuna yüksəlmək şansına sahib ola bilər. İndiki anda bizim milli bu gücə sahibdir?

- Hər halda, millimiz indi Lixtenşteynlə oyuna fokuslanmalıdır. Qrupda da lider olmaq üçün şansımız var. Hər halda, bu oyunlardan sonra necə olacağını görəcəyik.

Mirbağırağa
 

Xəbər xətti