Vladislav Qədirovun yetirmələri "Bakı" ilə oyuna hazırdı

11:26 - 18 Avqust 2013

"Rəvan" dünən son məşqini etdi
 
Premyer Liqanın 3-cü turunda "Rəvan” rəqib meydanında "Bakı” ilə qarşılaşacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçiriləcək görüş öncəsi komanda son məşqinə çıxıb. Meydan sahiblərinin təlim-məşq bazasının stadionunda baş tutan hazırlıq 1 saat çəkib. Oyunöncəsi son hazırlıqda baş məşqçi Vladislav Qədirov yetirmələrinin toplu çalışmalarına xüsusi diqqət ayırıb. Qapıçılar Lukaş Sapela və Fuad Əhmədov isə qapıçılarla işləyən məşqçi Kamil Qafarovun rəhbərliyi altında ayrıca məşq edib. Futbolçular taktiki-texniki çalışmalardan sonra asmalar və onların qapanması, eləcə də qapıya zərbələr üzərində işləyib.
 
Komandanın heyətində ilk turda "Simurq” ilə oyunda dizindən xəsarət alaraq ilin sonuna qədər sıradan çıxan Tofiq Mikayılovdan başqa zədəli futbolçu yoxdur. Amma Miloş Adamoviç "Neftçi” ilə oyunda ikinci sarı vərəqə almaqla meydandan qovulduğundan bu görüş üçün cəzalı durumdadır.
 
Qeyd edək ki, bu gün baş tutacaq "Bakı” – "Rəvan” oyunu "Bakı”nın təlim-məşq bazasının stadionunda keçiriləcək və görüş saat 18:00-da başlayacaq. Qarşılaşmanın "İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Xəbər xətti