Hər il yüzminlərlə avro havaya sovrulur? YAZI

14:44 - 15 May 2016

Qadınlardan ibarət yığmanın görünməyən tərəfləri
 
Azərbaycanda qadın futbolu Sovet dövründə də olub. Yəqin ki, nisbətən stajlı azarkeşlər “Bakılı" komandasını yaxşı xatırlayırlar. Həmin komandada əsasən qeyri-azərbaycanlılar oynayırdı. Yəni, ruslar üstünlük təşkil edirdi. Lakin həmin ruslar yerlilər, Azərbaycanda doğulanlar idi, kənardan gətirilməmişdilər. İnsaf naminə, o dövrün qadın futbolunda pərakəndəlik yox idi. Ancaq müstəqillik qazandıqdan sonra bu sahədə vəziyyət dəyişdi. Uzun illər ölkəmizdə qadın futbolu demək olar ki, mövcud olmadı, bu sahədə çempionat keçirilmədi. Bu mənada qadın yığma komandamızın olmaması da təbii idi. AFFA-ya Rövnəq Abdullayevin prezident seçilməsindən, Elxan Məmmədovun isə baş katib postuna gətirilməsindən sonra bu sahədə dirçəliş oldu. Amma necə?
 
Ukrayna + Moldova = Azərbaycan
2009-cu ildən etibarən qadın futbolunda “cücərmə” başladı. Lakin bu cücərti gözlənilən formada olmadı. Daim ən asan yolu seçən AFFA öz siyasətini burada da sadiq qaldı. Qadınlardan ibarət yığmanın olması xatirinə yaradılan yığmada bir nəfər də olsun azərbaycanlı yox idi. Əvəzində Ukraynadan və Moldovadan xeyli sayda legioner gətirərək milliləşdirildi. Düzdür, nəticələr oldu, amma bu, inkişaf deyildi. Üstəlik, həmin qızların Bakıda hansı oyunlardan çıxdığı da hamıya məlumdur. Bu məsələ hətta bir ara  mətbuatında gündəmini zəbt etdi. AFFA-nın hesabına Azərbaycana gətirilən, Bakıda yüksək şəraitli evlə və maaşla təmin olunan “ukrainka" və “moldovanka"lar müsəlman ölkəsində odluqlarını o qədər unutdular ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmalarına rəğmən komanda dağıdıldı. Özü də həmin vaxt yığmada “lipa" olduğu qəsdən FİFA-ya bildirilərək həm vəsiqə ləğv edildi, həm də AFFA ali futbol qurumu qarşısında xal qazandı. 
 
 
Yeni yığma yaradıldı, amma...
Bundan sonra qadın futbolunda bir müddət durğunluq oldu. İki il beynlxalq müstəvidə taym-aut götürən AFFA yeni komanda yaratmağa başladı. İnsaf naminə qeyd edək ki, yeni yığmada azərbaycanlıların sayı yetərincə idi. 6 komandadan ibarət qızlar liqası da yaradıldı. Almaniyadan baş məşqçi dəvət olundu. Bir sözlə külli miqdarda pul xərcləndi. Lakin 2012-ci il Bakıda keçirilən dünya çempionatında qeydə alınan biabırçı nəticələr, komandamızın turniri xalsız və qolsuz başa vurması fiaskonun pik nöqtəsi oldu. Ona görə də xeyli vəsait havaya sovrulmuş oldu. Belə də, AFFA növbəti dəfə strategiyasını dəyişməli oldu.
 
Yenə legionerlər, yenə xaos
Federasiya növbəti dəfə qapısını legionerlərin üzünə açdı. Bu dəfə baş məşqçini İspaniyadan dəvət etdilər. Ardınca, ispan qızların Azərbaycan yığmasına dəvət olunmasına start verildi. Hazırda demək olar ki, U-19 qızlar yığmamız əsasən legionerlərdən təşkil edilib. Özü də bu komandanın formalaşması əməlli-başlı xərc aparır. Hətta devalvasiyadan sonra belə, AFFA gəlmələrə pul xərcləməkdə davam edir. Əslində, ölkədə qızlar arasında çempionat keçirilir. Lakin həmin çempionat sadəcə, görüntü yaradır. Arada 3-4 nəfər yerlini legionerlərə qoşub “18-lik" düzəldirlər. Ad olsun ki, yığmada azərbaycanlı da var. 
Öncə U-19 yığmamızın məşqçilər heyətinə baxaq: Baş məşqçi Patrisia Qonzalez, onun köməkçiləri Viktor Migel və Rikardo Da Silva ispaniyalıdır. Yalnız qapıçılarla işləyən Ruslan Quliyev azərbaycanlıdır. Əldə etdiyimiz məlumata görə, baş məşqçi 10-12 min avro arasında maaş alır. Köməkçilərinin də aylıq maaşı 7-8 min avro arasındadır. Hər üçünə Bakıda yüksək məbləğə lüsk şəraitli mənzillər tutulub, avtomobillə təmin olunublar. Gözlənildiyi kimi, Quliyev onlardan 2-3 dəfə az maaş alır və daha az qayğı ilə təmin olunub.
 
120 min ödənilir ki...
Hələ ki, ortaya ciddi nəticə qoymayan heyətin 11 nəfəri legionerdi. Bunlar Kristina Bakaranadze (“Neftçi"), Lusiya Sançez, Yaiza Relea (hər ikisi “Rayo Valekano", İspaniya), Diana Məmmədova (UGIM “Krasnoyarsk", Rusiya), Samara Ortiz, Malena Ortiz (hər ikisi “Kanillas", İspaniya), Alina Mixaelis, Merve Özdemir (hər ikisi “Ayntraxt" (Frankfurt),  Almaniya), Vesela Borukova (“Lerida" (Barselona), İspaniya), Natalya Rodelqo (“Atletiko" (Madrid), İspaniya), Gizem Tenekecidir (“Frankfurt", Almaniya). Heyətdəki azərbaycanlıların sayı isə 7-dir: Aytac Şərifova, Firəngiz Teymurova (hər ikisi “Təhsil"), Günay İsmayılova (“Fidan"), Manə Mollayeva (“Qəbələ"), Aysun Əliyeva, Süsən Mənsimova (hər ikisi “Neftçi" FK) və Nigar Cəlilli (“Kanillas” (Madrid), İspaniya).
 
Adları sadalanan legionerlərin demək olar ki, 90 faizi əsas heyət oyunçularıdır. Məlum məsələdir ki, 7 nəfər azərbaycanlını daha çox ehtiyat oyunçular skamyasında oturtmaq, ya da say düzəltmə üçün yığmaya çağırırlar. 
 
İndi gələk xərclərə. Məlumunuz olsun ki, bu legionerlərin yığmamızda oynaması bizə heç də ucuz başa gəlmir. Xeyr, biz onların aldığı maaşı nəzərdə tutmuruq. Bu futbolçuların yığmanın düşərgəsinə gəlməsinin özü böyük xərc aparır. AFFA-nın adnın çəkilməsini istəməyən məsul şəxslərindən birinin verdiyi məlumata görə, leionerlərin çıxış etdiyi Almaniya, İspaniya və Rusiya klubarı AFFA-nın qarşısına şərt qoyub - nə vaxt ki, yığmanın toplanışı oldu AFFA legioner qızlar üçün onların klublarına pul ödəməlidir. Məsələn, hər futbolçu üçün AFFA 5-7 min avro aralığında bir məbləğ. Xəbər doğrudursa, orta hesab kimi 6 min avronu götürək və bunu 10-a vuraq (Kristina Bakaranadze “Neftçi"də oynayır). Təkcə 60 min bu edir. Yığmanın il ərzinə minimum iki toplanışı olduğunu nəzərə alsaq, bu rəqəm 120-ə çıxır. Bura futbolçuların viza, bilet və Bakıda qalmaları üçün tələb olunan xərcləri də əlavə etsək, məbləğ 200 mini keçir. 
 
“Sutoçnı"larda ayrıseçkilik?
Xərclər bununla da bitmir. “Naməlum şəxs”in sözlərinə görə, hər bir legioner toplanışda keçirdiyi hər günə görə AFFA-dan 200 avro alır. Əgər toplanış 1 həftə, 10 gün sürərsə bu, o deməkdir ki, AFFA hər legionerə 1500-2000 avro arası pul ödəyir. İldə yenə iki toplanışdan götürsək, bu rəqəm 3000-4000 avro deməkdir. Orta hesabla 3500 avro götürək. Bunu da 11 legionerə vursaq, 38500 avro edir. Yəni, yuxarıda sadaladığımız xərclərdən əlavə, AFFA sutkalıq üçün də il ərzində legionerlərə əlavə 38-40 min avro xərcləyir. Maraq üçün deyək ki, gəlmələrdən fərqli olaraq, heyətdə yer alan 7 azərbaycanlı xanıma toplanışın hər günü üçün cəmi 100 manat ödənilir. Diqqət yetirin avro yox məhz MANAT. Avroya çevirsək, 55 avro eləyir. Bu da yerlilərlə legionerlərə qoyulan fərq. 
 
Əlbəttə, bunlar rəsmi rəqəmlər olmadığından qarşı tərəfin fikrini öyrənmək vacib idi. AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu xarici klubların yığmanın düşərgəsinə göndərdiyinə görə AFFA-dan pul tələb etməsi fikrini cəfəngiyyat adlandırdı. “Sutoçnı"larla bağlı məsələni də yalanlayan Mikayıl müəllim konkret rəqəmlər göstərdi: “Sizə verilən məlumat həqiqəti əks etdirmir, tamamilə yanlışdır. İstər haqqında danışmığınız U-19 yığmasının futbolçuları, istərsə də, 17 yaşlı qızlarımızın “sutoçnı”ları 50 manat təşkil edir. Bu, onların hansı ölkədə təlim-məşq toplanışı keçməyindən və ya oynamasından asılı olmayaraq dəyişmir. Sizə təqdim etdiyim rəqəm rəsmidir.”
 
Od olmayan yerdən tüstü çıxmaz. Sadəcə, bu rəqəmləri ona görə dərc edirik ki, əgər deyilənlər doğrudursa, AFFA rəhbərliyi bilsin - xərclənilən milyonlar onların şəxsi yox, dövlətin, xalqın puludur. Məgər il ərzində əcnəbilərə xərclənən bu qədər vəsaiti öz ölkəmizdə sərmayə kimi yatırıb qadın futbolunu inkişaf etdirmək olmaz? Nə verəcək o legionerlər bizə? Hələ biz ondan danışmırıq ki, həmin ispanlar, almanlar qanunsuzluqla milliləşdirilərək, Azərbaycan pasportu ilə təmin olunur. Axı, bu 11 nəfərin yığmamızın heyətində oynaması FİFA-nın qaydalarına da ziddir. FİFA-nın milli komandalarda çıxış edən futbolçularla bağlı sənədində bu barədə açıq şəkildə yazılıb ki, ölkənin milli yığma komandasında həmin ölkənin vətəndaşları, yaxud vətəndaşlığı qəbul etmiş və ya ikili vətəndaşlığı olan futbolçular çıxış edə bilərlər. Azərbaycan Respublikasının Miqrasiya Haqqında Qanununda da göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyən şəxslər bu ölkədə beş il fasiləsiz yaşamalıdırlar. Sual olunur: görəsən, Lusiya Sançez 5 ildir Azərbaycanda yaşayır yoxsa, Samara Ortiz? Bəlkə, Malena Ortiz Sumqayıtda, Alina Mixaelis Gəncədə, Vesela Borukova Tovuzda doğulub, xəbərimiz yoxdur? Deməli, hər halda ortada böyük SAXTAKARLIQ var.
 
Anar XANLAROV
“Het-trik news”

Xəbər xətti