"Sportinq" baxımlı oyun sərgilədi, yaxşı oynadılar. Təktoxunuşlu ötürmələr zamanı bir-birlərini yaxşı başa düşürdülər".
Sportal.az xəbər verir ki, bu sözləri "A Bola"ya açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev deyib. Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sportinq”ə 1:6 hesablı ev məğlubiyyətini şərh edən bolqarıstanlı futbolçu təəssüf fikirlərini bölüşüb: “Təəssüf ki, 6 top buraxdıq. Bu, komanda üçün yaxşı hal deyil. Adətən, bizdə bu cür məğlubiyyətlər olmur. Bu dəfə belə alındı”.
Mövsümün əvvəlində “Qarabağ”a “Sportinq”dən keçən Slavçev sabiq komandasının şanslarını dəyərləndirib: “Avropa Liqasının finalı Bakıda olacaq. “Sportinq”in əsas hədəfinin ölkə çempionatı, yoxsa Avropa Liqasını qazanmaq olduğunu bilmirəm. Amma əgər bizə qarşı oynadıqları kimi mübarizə aparsalar, turnirdə qalib olmaq üçün əla şanslarının olduğunu deyə bilərəm”.
24 yaşlı futbolçu Lissabon klubuna uğurlar arzu edib: “Sportinq”ə işıqlı gələcək arzu edirəm. Qalmaqal və çətinliklər artıq geridə qaldı. Ümid edirəm ki, bundan sonra yeni prezidentlə onlar daha da yaxşı olacaq və titullar qazanacaqlar”.
saytlarin hazirlanmasi