AFFA-nın limiti - Elxan Məmmədovun dövrünə qayıdış

15:23 - 8 Oktyabr 2026

FİFA U-15 dünya çempionatının keçirilməsi üçün tikilən stadionlar mediaya təqdim edilib. Qəribəlik ondadır ki, idman mediasının bir qismi tədbirdən kənar qalıb, həmçinin də sportal.az. 

Səbəbini öyrənmək üçün AFFA-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Cavab qısa və konkret oldu - "say limiti var idi". Belə əsaslandırmağa çalışdılar ki, müxtəlif yönümlü KİV-ləri əhatə etməyi düşünüblər və məhz bu səbəbdən mənim rəhbərim olduğum sayta yer olmayıb Hövsanda. 

Həm üzücü, həm də acınacaqlı durumdur. İllərdir Azərbaycan futbolunun yükünü daşıyan biz və bizim kimi 7-8 media orqanı olub. Digər yönümlü KİV-lər belə tədbirlərdə sözün əsl mənasında qonaqdılar. Gəlib bir açıqlama alıb gedirlər, sonra öz işləri ilə məşğul olurlar. 

Futbolumuzun gündəlik həyatını işıqlandıran, onu auditoriyaya çatdıran elə bu sahənin jurnalistləridir. Kimisi qələmi ilə, kimisi tv-lərdə, podkastlarda danışdıqları ilə. Lakin hazırda AFFA-nın mətbuat xidmətiylə bağlı vəziyyət qarışıqdır. Futbol sahəsindən çox uzaq olan adamların kurasiyasına keçən departament ictimai-siyasi mətbuata meyillənib. Nə o adamlar bizləri tanıyır, nə də biz onları...
 
Mövcud durum haradasa Elxan Məmmədov dönəmini yada salır. Keçmiş baş katib idman mətbuatının gücünü qəbul edirdi. Amma onun da limitləri var idi. Səfərlər, federasiyadan ayrılan maliyyə dəstəyi yalnız onun dost-tanışları arasında bölüşdürülürdü. Yenə o günlərə qayıdırıq. Bəlkə AFFA-nın Mətbuat Departamentinə rəhbər sanballı həmkarımız təyin olunsa, hər şey yoluna düşər. Amma indikilərlə çətin! Qabil demişkən, "Müsibət oluruq biz, səhv düşəndə yerimiz". 

Emin Abbasov

Xəbər xətti