Rikardo Fernandes: "Onunla danışmamışam, əla məşqçidir və mükəmməl iş görür"

13:22 - 7 Oktyabr 2026

"Şamaxı"nın qolkiperi Rikardo Fernandes Sportal.az saytına müsahibə verib.

- Milli komandaların oyunlarına görə çempionata fasilə verilmişdi. Fasilədən necə istifadə etdiniz?

- Bir az dincəlmək və ardıcıl oyunların olduğu həftələrdə çox vaxt ayıra bilmədiyimiz fiziki hazırlıq məsələləri üzərində işləmək sarıdan yaxşı oldu. Məşqlərimizə davam etdik. 

- Səncə, bu fasilə "Şamaxı" üçün yaxşı idi, yoxsa pis?

- Belə fasilələr hər il olur. Bu, gələcək çıxışların yaxşı və ya pis olacağı anlamına gəlmir. Amma məncə, bu, müsbət haldır. Özü də, bizim komandadan Azərbaycan əsas milli komandasına, U-21 yığmasına və Benin milli komandasına dəvət olunanlar var idi. Bu qədər oyunçunun milli komandalara getməsi onu göstərir ki, biz düzgün iş görürük.

- Azərbaycan milli komandasının oyunlarına baxdın? Sabiq baş məşqçiniz Ayxan Abbasovu təbrik etmisən? Azərbaycan millisi Litva yığmasını məğlub edə bildi...

- Əlbəttə ki, Azərbaycan millisinin oyunlarını izlədim. Amma Ayxan Abbasovla danışmamışam. Nəticələr onun işinin göstəricisidir. O, həqiqətən də əla məşqçidir və mükəmməl iş görür. Bu, daha yüksək qiymətləndirilməlidir.

- Bəs, komanda yoldaşların Oruc Məmmədov və Edqar Adilxanov haqda nə düşünürsən?

- Onlar Azərbaycan milli komandasının gələcəyidir. Bura Rüfət Abbasovu və U-21 yığmasında çıxış edən Emin Rüstəmovu da əlavə edirəm. Emin komandanın liderinə çevrilə bilər. Çünki o, böyük inkişaf yolu keçir. Oruc və Edqara gəldikdə isə, onların əldə etdiyi uğurları görmək məni çox sevindirir. Hamısı çox yaxşı uşaqlardır və daim təkmilləşmək üzərində işləyirlər. Belə davam etsələr, onları yalnız uğurlar gözləyir.

- “Şamaxı” 6 turdan sonra 6-cı pillədədir. Bunu uğurlu hesab edirsən?

- Turnir cədvəlindəki mövqe barədə danışmaq hələ tezdir. Çempionat yeni başlayıb. Uğurlar yalnız may ayında qiymətləndirilir.

- “Şamaxı” növbəti turda "Zirə" ilə qarşılaşacaq. Rəqib və görüş haqda nə düşünürsən?

- Güclü rəqibə qarşı, onların meydanında keçiriləcək bir oyun olacaq. Biz yenə də nəticə uğrunda mübarizə aparan komanda kimi çıxış etmək və mümkün olan ən yaxşı nəticəni qazanmaq istəyirik.

Mirbağırağa

Xəbər xətti