"Bundan da yaxşı oyun göstərə bilərdilər" - millimizin sabiq forvardı

11:49 - 7 Oktyabr 2026

Azərbaycan milli komandasının sabiq forvardı Xaqani Məmmədov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası Litva ilə görüşdə qələbə qazandı. Yığmanın performansını necə dəyərləndirirsən? Lixtenşteyni uda bilməyən millimizə inamın var idi ki, Litvanı udacaq?

- Azərbaycan millisi Litva ilə matçda göstərdi ki, motivasiya və istək olsa, Lixtenşteyni da udmaq olardı. Hər halda, Litva millisini məğlub etdilər. 

- Ümumiyyətlə, Azərbaycan yığmasının qrupda keçirdiyi 3 oyununu necə dəyərləndirirsən? 

- Təbii ki, millimiz bundan da yaxşı oyun göstərə bilərdi. Yenə də bunlar motivasiya və istəyə bağlıdır. Hər halda, millimizin çıxışını normal adlandırmaq olar. 

- Yığmamızın hazırda çatışmayan, zəif və mənfi tərəfi hansıdır?

- Yığma komandamız yaxşı hücumlar qurur. Lakin qol vura bilmirlər. Epizodlardan istifadə etmək alınmır. Görünür ki, oyun praktikası azdır, futbolçular öz klublarında az oynayırlar. Bunun da təsiri var.

- Legioner limitinin ləğvindən sonra klublarımız oyunçulara çox da güvənmir. Səncə klublar doğru edir? Belə davam edərsə, millinin nəticələri daha pis olacaq?

- Klublar yerli futbolçulara güvənməlidir, inanmalıdır. Çünki yerli futbolçular oynadıqca artıra bilər. Bu da bizim milli komanda üçün xeyirli olardı. Hər halda, zaman hər şeyi göstərəcək. 

- Milli komandamızın son görüşü Lixtenşteynə qarşı olacaq. Bu matçda qələbə qazanacağımıza inanırsan?

- Bakıda da onları məğlub etmək mümkün idi. İnanıram ki, millimiz onları səfərdə məğlub edəcək. Çünki millimizdə bu potensial var.

- 2008-ci ildə də millimiz Lixtenşteyni məğlub edə bilməmişdi. O görüşlə bu dəfəki arasında fərq var idi? Demək olar ki, bu illər ərzində heç nə dəyişməyib?

- Ümumiyyətlə, günü-gündən futbol inkişaf edir. Avropada da belədir. Görünürdü ki, Lixtenşteyn millisi indi həmin milli komanda deyil. Onlar da artıq strukturlu, ağıllı futbol oynayırlar. Bunu da Bakıdakı görüşdə gördük.

Mirbağırağa

Xəbər xətti