Yadınızdadırsa, hələ ötən mövsüm avrokuboklara vəsiqə qazanan “Sumqayıt” ciddi çətinliklərlə üzləşmişdi. Peyman Babayi, Əmir Ağayev, Aleksey İsayev kimi aparıcı oyunçularını itirən komanda demək olar ki, avrokubok oyununa düz-əməlli hazırlaşa bilməmişdi. Bunun nəticəsi olaraq, tarixində ilk dəfə qatıldığı Avropa Liqasında elə birinci mərhələdə evdə Şimali Makedoniyanın “Şkendiya” klubuna uduzaraq (0:2) mübarizəni dayandırmalı olmuşdu.
Həmin vaxtdan təxminən 1 il keçsə də, “Sumqayıt” üçün dəyişən heç nə yoxdur. Tarixində ilk dəfə bürünc medallara yiyələnən klub ardıcıl ikinci dəfə avrokuboklarda iştirak edəcək. Lakin yenə də “Sumqayıt”ın düşərgəsində qeyri-müəyyənlik ab-havası hökm sürür. Əsas heyət üzvlərinin əksəriyyəti digər klublardan sərfəli təklif alıb və getməkdə israrlıdırlar. “Sumqayıt” maliyyə məsələlərini qaydasına qoya bilməsə, onları heyətdə saxlamaq çətin olacaq və Konfrans Liqası ərəfəsində Ayxan Abbasov qəliz duruma düşəcək. Çünki “Sumqayıt”ın strategiyasına uyğun olaraq heyətə yalnız yerli və ya ölkəmizə bağlılığı olan oyunçular cəlb oluna bilər. İndiki halda isə bu şərtlər altında seleksiya aparmaq üçün həm vaxt azdır, həm də ki resurs.
Yəqin elə bu səbəbdəndir ki, “Sumqayıt” klubunda tarixi nəticələrə imza atmış mütəxəssis Ayxan Abbasovla müqaviləni yeniləmək mümkün olmayıb. 3 ildir kasad heyətə və məhdud imkanlara rəğmən, yaxşı nəticələrə imza atan məşqçini anlamaq olar. “Sumqayıt” klubunda demək olar ki, hər mövsümün sonunda eyni mənzərə yaşanır – qeyri-müəyyənlik!
Əldə etdiyimiz məlumata görə, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev vəziyyəti düzəltmək üçün əlavə maliyyə axtarışına çıxıb, kluba yeni sporsorlar cəlb etmək üçün danışıqlar aparır.
saytlarin hazirlanmasi