Elxan Məmmədov: “Bakıya 20 min türkiyəli azarkeşin gələcəyini gözləyirik”

12:28 - 2 İyun 2021

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov  iyunun 11-də başlayacaq Avropa çempionatından danışıb.

 

Sportal.az xəbər verir ki, federasiya rəsmisi qitə birinciliyinin Bakıda keçiriləcək oyunlarından söz açıb. O, əvvəlcə Uels millisi barədə fikirlərini bildirib:

 

“Biz 2 min Uels millisinin fanatını burada gözləyirik. Onları lazımi səviyyədə qəbul etməyə hazırıq. Düşünürəm ki, buradakı bütün azarkeşlər futboldan və şəhərimizdən zövq alacaqlar. Tərəfdarlar Pub-larda, restoranlarda pivə içərək rahat istirahət edəcəklər. Həmçinin ölkəmizdə əla hava var və onlar çimmək üçün Xəzər dənizinə yollana bilərlər. Uels yığması Bakıya gələcək ilk komanda olacaq. İyunun 7-də burda olacaqlar. Onlar burada daha uzun müddət qalacaqlar”. 

 

Məmmədov daha sonra pandemiya dövründəki çətinliklər və Vətən müharibəsi barədə danışıb: “Bu il bütün dünya üçün ağır il oldu. Çünki pandemiya hər yerdə çətinliklər yaradırdı. Həyat yavaş-yavaş öz axarına qayıdır. Bizim üçün digər tərəfdən də vacib il oldu. Ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız işğaldan azad edildi. Bölgəyə artıq sülh gəldi. “Qarabağ” futbol klubunun doğma şəhəri olan Ağdam da geri qaytarıldı. Orada yeni stadion inşa olunacaq. Ümid edirik ki, Ağdama beynəlxalq oyunlar qayıdacaq. Orada böyük futbol matçları keçiriləcək”. 

 

O, Türkiyə yığmasının Bakıda oynaması haqqında fikirlərini açıqlayıb: “Türkiyə millisinə gəlincə, onların burada çoxlu fanatlarını gözləyirik. Çünki qardaş ölkədən Azərbaycana birbaşa uçuşlar var. Hər matçda 20 min türkiyəli azarkeşin Bakıya gələcəyini gözləyirik. Pandemiyaya baxmayaraq yaxşı atmosfer yaratmağa çalışacağıq”. 

Xəbər xətti