Ölkəmizdə elə futbolçular var ki, ustalıq səviyyələri yuxarı olsa da, müxtəlif səbəblər üzündən potensiallarını ortaya tam qoya bilmirlər. Cavid Tağıyevi də belələrinə aid etmək olar. “Sabah”a gəldiyi ilk vaxtlarda, xüsusən təlim-məşq toplanışında yaxşı təsir bağışlasa da, sonradan zədələnərək xeyli müddət meydandan kənarda qalıb. Xaçvari bağları zədələnən futbolçu reabilitasiya ilə məşğul olduğu üçün ötən mövsümü tam boşa verib.
Sportal.az saytına açıqlama verən 28 yaşlı yarımmüdafiəçi artıq tam hazır olduğunu deyib:
“Ötən il Türkiyədə əməliyyat olundum və 3 həftə ərzində reabilitasiyanın ilk mərhələsini də orada keçdim. Daha sonra ölkəyə qayıdıb fərdi məşqçinin rəhbərliyi altında bərpa prosesi keçdim. İndi tam sağalmışam və oynamağa hazıram.
Yerli klublardan dəvət gözləyirəm. Əgər Premyer Liqada klub tapa bilməsəm, xaricə yollanacağam. Türkiyə də ola bilər, başqa variantları da nəzərdən keçirəcəyəm”.
Qeyd edək ki, Cavid Tağıyev Premyer Liqada “Turan”, AZAL, “Qarabağ”, “Zirə”, “Sumqayıt” və “Sabah” klublarının şərəfini qoruyub.
saytlarin hazirlanmasi