Bu gün məlum olub ki, milli komandanın Moldova ilə yoldaşlıq oyununda xəsarət alan Bədavi Hüseynovun zədəsi ciddidir. İlk baxışdan “Qarabağ”lı futbolçunun zədələnməsində qeyri-adi heç nə yoxdur. Zədələr idmanın ayrılmaz parçasıdır. Lakin bir az əvvələ qayıtsaq və “Qarabağ”lı futbolçuların millidə başına gələnlərə xronoloji ardıcıllıqla nəzər yetirsək, ortaya qəribə mənzərə çıxacaq.
Xoşagəlməz tendensiyanın təməli pandemiya dövründə qoyulub. Maksim Medvedev, Rahil Məmmədov və Abbas Hüseynov məhz millinin düşərgəsində koronavirusa yoluxmuş, getdikləri ölkələrdə karantinə alınmış, həmin vaxt “Qarabağ”a avrokubok və çempionat matçlarında kömək edə bilməmişdilər.
Daha sonra Portuqaliya, Qətər və Serbiya ilə görüşlərdə yığmanın düşərgəsinə gedən “Qarabağ”lılardan Qara Qarayev və Mahir Əmrəli zədələnib. Hələ o vaxt Mahir Əmrəlinin zədəsi ola-ola De Byazinin onu Serbiya ilə oyuna salması suallar doğurmuşdu. Çempionluq mübarizəsi aparan “Qarabağ”lı futbolçuların məhz millinin heyətində sıradan çıxması kluba böyük zərbə oldu. Hər zaman alicənablığı ilə seçilən Qurban Qurbanov bu məsələnin üstündən sakit keçsə də, görünən odur ki, “Qarabağ”lı futbolçuların millidə zədələnməsi artıq “adət” halına çevrilir.
Aydın məsələdir ki, mövsüm yeni bitdiyindən millinin oyunçularında yorğunluq var. Və De Byazi özü də bilir ki, yorğunluq fonunda futbolçuların zədə alma ehtimalı kifayət qədər böyükdür. Belədə sual yaranır ki, ayaqlarında mövsümün yorğunluğunu daşıyan futbolçuları hər üç matçda meydançaya buraxmağa nə lüzum var idi?
Bu məqamda İstər-istəməz Berti Foqtsun dönəmi yada düşür. O vaxt Rauf Əliyev həm millinin, həm də “Qarabağ”ın aparıcı futbolçusu olduğu halda alman mütəxəssis onu millinin seleksiya xarakterli toplanışına cəlb etmişdi. Həftəsonu çempionat oyununa çıxmalı olan “Qarabağ”lı futbolçunun seleksiya xarakterli toplanışa dəvət edilməsinin səbəbini soruşduqda, Berti Foqts deməyə söz tapmamışdı.
De Byaziyə gəlincə, bu elə məsələdir ki, italiyalı mütəxəssisi birbaşa nədəsə ittiham etmək olmur. Amma fakt faktlığında qalır ki, millinin toplanışları “Qarabağ” üçün kabusa çevrilib...
saytlarin hazirlanmasi