"Qəbələ"də son durum: "Legionerlər maaşlarında artım istəyirlər, büdcədə isə artım yoxdur"

23:10 - 9 İyun 2021

Digər klublarımız kimi “Qəbələ” də yeni mövsümün transfer çalışmalarına başlayıb. Bölgə klubu ilk olaraq Urfan Abbasovu sıralarına qatıb. “Qəbələ”də son durumla bağlı klubun baş meneceri Zaur Əzizovla söhbətləşdik. Sportal.az saytına açıqlama verən təcrübəli klub funksioneri əvvəlcə “Qəbələ”nin maliyyə durumu barədə danışdı:


“Bu mövsüm büdcəmiz AFFA-dan gələn vəsait hesabına formalaşacaq. Təəssüf ki, başqa sponsorlardan gəlir gözlənilmir. Onu da qeyd etməliyəm ki, ötən mövsüm akademiyamız pandemiya səbəbindən tam fəaliyyət göstərməmişdi. Ümid edirik ki, bu mövsüm akademiyamız ənənəvi qaydada çalışacaq. Belədə isə xərclərimiz ötən illə müqayisədə daha da artacaq, gəlirlərimiz isə ötən mövsümdəkindən daha az olacaq”. 


Az maliyyə ilə rəqabətə davamlı komanda qurmaq asan məsələ deyil. Ötən mövsüm “Qəbələ” çempionata rəng qatan kollektiv idi. Bu mövsüm də imkanları daxilində yaxşı seleksiya etməyi düşünürlər: 


“Ötən mövsüm bizdə olan legionerlər maaşlarında artım istəyirlər, büdcədə isə artım yoxdur. Bu səbəbdən onları komandada saxlamaq üçün yola gətirməyə çalışacağıq. Heyəti başdan-ayağa yerlilərdən qurmaq da olmur. Çünki yerli oyunçularla da bağlı çatışmazlıq çoxdur. Ona görə də heyətdə 5-6 legionerin olmağını planlaşdırırıq. Ümid edirəm ki, istədiyimiz heyəti yığa biləcəyik”.   

 

Xəbər xətti