"Bakıda gördüklərim məni heyrətləndirib" - "Qarabağ"ın yeni transferi

15:15 - 22 İyun 2021

“Futbolçular, məşqçi heyəti, klubun digər əməkdaşları və ofis işçiləri ilk gündən mənə isti yanaşdılar. Böyük ailəyə gəldiyimi hiss edirəm. 1 həftədir ki, məşqlərə başladıq. İlk günlərdəki təəssüratlarıma görə deməliyəm ki, məşqlərimiz çox maraqlı və dinamikdir. Hazırlığa yeni başlamışıq, hər şeydən razıyam. Futbolçular məşqdə çox işgüzar və motivasiyalıdır”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Kadi Yuri Borqes Malinovski klubun saytına açıqlamasında deyib. Braziliyalı yarımmüdafiəçi komandaya uyğunlaşma prosesindən və yeni mövsümün hədəfləri barədə danışarkən bildirib ki, hazırda əsas fikrini məşqlərə yönəldib: “Bakı şəhərini gəzməyə fürsətim olmayıb. Ümid edirəm ki, burada olduğum müddətdə Bakını kəşf etməyə zamanım olacaq. Burada gördüklərim məni heyrətləndirib. Çoxmərtəbəli binalar, insanların xoş münasibəti diqqətimi çəkib. Hər şey ürəyimcədir və Bakını yaxından tanımağa vaxtım olacaq”.

 

O bildirib ki, “Qarabağ”a titullar qazanmaq üçün gəlib: “Güclü və keyfiyyətli futbolçulardan təşkil olunmuş komandaya gəldiyimi bilirəm. Mən də öz bacarığımla komandanın gücünə güc qatacağam. Ürəyi komandamızla döyünən, bizə nəfəs verən azarkeşləri qələbələrimizlə sevindirəcəyimizə inanıram. Yeni mövsümdə əlimdən gələni edəcəyəm”.

Xəbər xətti