"Bu qərara ətraflı fikir bildirmək uyğun olmaz. Dəyişikliklərin olması normaldır, yeniliklər qaçılmazdır. VAR sisteminin tətbiqi, 5 əvəzetməyə icazə və s. buna nümunədir".
Sportal.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov avrokuboklarda səfər qolu qaydasının ləğvi barədə danışarkən deyib. 49 yaşlı mütəxəssis bildirib ki, yenilik ədalət axtarışına daha çox bənzəyir:
"Bizim işimiz meydandadır. Nə qərar veriirsə, ona uyğun davranmalıyıq. Səfər qolu əvvəllər hansısa komandaya sərf edirdisə, indi əksinə, yeni qərar başqa bir komandanın xeyrinə olacaq".
Qurbanovun sözlərinə görə, yeni qaydaya alışmaq, bunu qəbullanmaq bir az zaman alacaq:
"Təsəvvür edin, hər hansı komanda səfər qolu vurur, buna rəğmən, yekunda uduzur. Həmin komanda əvvəlki qaydanı xatırlayacaq. Deyəcəklər ki, səfər qolu qaydası olsaydı, biz qalib gələcəkdik. Məncə, bu danışıqlar bir müddət davam edəcək. Amma zamanla hamı alışacaq".
Zamanında "Qarabağ"ın da səfər qolu qaydasının üstünlüyündən yararlandığını deyən baş məşqçi 2017/2018 mövsümündə Danimarka "Kopenhagen"ini keçib Çempionlar Liqasının qrupuna düşdükləri cavab görüşünü xatırladıb:
"Həmin görüşdə evdə top buraxmadan qalib gəlmişdik. Səfərdə isə qol vurub, qrupa vəsiqə qazandıq. O zaman həmin qaydalara uyğun olaraq matçlara hazırlaşır, oyun planımızı qururduq. İndi isə yeni qaydalara uyğun hazırlaşacağıq. Çalışıb tez bir zamanda uyğunlaşacağıq".
Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Qarabağ" II təsnifat mərhələsində İsrailin "Aşdod" komandası ilə qarşılaşacaq.
Ağdam təmsilçisi ilk oyununu iyulun 22-də Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.
saytlarin hazirlanmasi