Türkiyə birinci liqasının təsmilçisi “Ankara Keçiörəngücü”yə keçən Vüsal İsgəndərli toplanış əsnasında “Sumqayıt”la oynanılan yoxlama görüşündə meydana çıxmayıb.
Sportal.az-a açıqlama verən İsgəndərli bunun hər hansı zədə və ya şans verilməməsilə əlaqələndirməyib, ortada başqa məsələnin olduğunu bildirib:
“Demək olar ki, bizim yoldaşlıq oyunumuz yox idi. “Sumqayıt”la oyun sırf yoxlanışa gələnlər və digər klublarda icarədə olub, komandaya geri dönən futbolçuları sınaqdan keçirmək üçün idi. Məhz bu oyunda həmin oyunçulara baxıb, kimi saxlayıb, kimi saxlamayacaqlarını aydınlaşdıracaqlar. Buna baxmayaraq, oyunu izlədim, maraqlı matç alındı”. Vinger matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Ayxan Abbasovla söhbətləşdiyini söyləyərək, komandanın avrokuboklardakı şanslarından da söhbət açıb: “Əlbəttə ki, Ayxan Abbasovla görüşdük, danışdıq. Demək olar, hamı ilə görüşdüm, söhbətləşdik. Ayxan müəllim sağolsun, öz məsləhətlərini mənə verdi. Komandadakı bütün uşaqlar da mənə doğmadı, həqiqətən də təəssüratım çox yaxşıdı. “Sumqayıt” yaxşı komandadı, avrokuboklarda da çıxış edəcəklər. Ümidvaram ki, onlar “Çukariçki” səddini keçərlər”.
saytlarin hazirlanmasi