Qurban Qurbanov: "Rəhbərlik UEFA ilə görüşə gedib və narazılığını bildirib"

21:38 - 16 Dekabr 2021

"Qarabağ" Azərbaycan Premyer Liqasının 14-cü turunda öz meydanında "Zirə"ni 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Vacib qələbə oldu. Narahatlıq var idi. İstər-istəməz futbolçuların düşüncəsində oyunu bitirib, evə getmək idi. Qələbə qazanmaq üçün sona kimi çox əziyyət çəkdik. Rəqib bunu məcbur elədi. Bizə heç də asan olmadı. Futbolçularımı təbrik edirəm. Möhtəşəm mövsüm keçirdilər. Çox çalışdılar, əziyyət çəkdilər. Bu dövrdə özlərini peşəkar kimi apardılar. Onlara təşəkkür edirəm. Rəşad Sadıqova və komandasına uğurlar arzu edirəm.

 

- 2022-ci ildə “Qarabağ”a hansı uğurlar arzu edirsiz?

Hər qarşıdakı ilə bütün futbolçularıma və komandama sağlamlıq arzu edirəm. Sağlamlıq olmasa, uğur əldə etmək olmur. Sağlam halda istək və arzu çox olur. Hədəf olaraq hər zaman istəmişəm ki, sabit olaq. Nəsə alınmaya bilər, amma səviyyəmizdən daha aşağı düşməyək.

 

- Aprelin 14-də Konfrans Liqasının 1/4 final mərhələsinin oyunu var. 50 illik yubileyinizə bir hədiyyə etmək istəmirsiz?

Mən yox, uşaqlar etsin (gülür). Qarşıda “Marsel”lə oyun var. Yaxşı oyun göstərmək istəyirik. Hələ vaxt var.

 

- “Marsel”i təhlil etməyə başlamısız?

- Tam yox, amma qarşıdakı oyunlarda araşdıracağıq. Son oyunlarda bizə qarşı müəyyən şeylər oldu. Rəhbərlik UEFA ilə görüşə gedib və narazılığını bildirib. Yenə də, şükürlər olsun ki, biz ardıcıl 8 ildir avrokuboklarda oynayırıq. Görünən odur ki, “Marsel”lə oyunda UEFA-ya müraciət olunacaq. Ki, hər şey daha düzgün olsun. Bizə qarşı olanlar bizi daha da böyüdür. Ümumilikdə, rəhbərliyimiz var. Kiprdə də təxribat olmuşdu və rəhbərlik bunu UEFA-ya bildirmişdi. Növbəti Kipr səfərində artıq təxribat demək olar ki, olmamışdı.

 

- Komandanın belə formada olduğu vaxtda qış fasiləsinin olması ritminizə təsir etməz?

- Fasilədən sonra kubok oyunu ilə başlayacağıq. Yenə sıx qrafikimiz olacaq. Hazırda futbolçuların daha çox istirahətə ehtiyacı var, nəinki ritmi qorumağa. Futbolçular son matçlarda çox yorulurlar.

 

- “Marsel”lə oyuna qədər yeni futbolçular gələcəkmi?

- Düşünürük. Sadəcə, nə dərəcə alınacaq, bilmirəm. Yaydan bu yana danışıqlar apardığımız futbolçular var. Onların müqavilələrində nəsə dəyişiklik olsa, bir şeylər ola bilər.

 

- Hansı mövqelərə transferlər düşünürsüz?

- Orta xətt və hücumameyilli yarımmüdafiəçi düşünürük. Digər mövqeyi isə deyə bilmərəm.

 

- Musa Qurbanlı daha çox şans qazanacaq?

- Sıx qrafikdə olacağıq. Hər bir futbolçuya şans verirəm və verəcəm. Biz istəyirik ki, oyunçularımızın sayı çox olsun. Rəqabət artmalıdır. Rəqabət artsa, inkişaf da olacaq.

Xəbər xətti