Daynis Kazakeviç: "Azərbaycanla oyunda ən yaxşı futbolçular meydana çıxacaq"

15:03 - 28 Mart 2022

Layviya milli komandası sabah yoldaşlıq oyunu çərçivəsində Azərbaycanla qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, bu gün baş tutan mətbuat konfransında yığmanın baş məşqçisi Daynis Kazakeviç jurnalistlərin suallarını cavablandırıb:

 

"Təlim-məşq toplanışını kifayət qədər məhsuldar davam etdiririk. Yaxşı çıxış etmək üçün gözəl şərait yaradılıb. Milli komandalarda bu qədər məhsuldar məşq etmək həqiqətən nadir hallarda olur. Bizim vəzifəmiz oyunun kritik elementləri üzərində işləməkdir. İyun ayında Millətlər Liqasında oynayacağıq. Hər şey plana uyğun gedir, futbolçuların əhval-ruhiyyəsi yaxşıdır, motivasiyalıdırlar.

 

Hər oyunda əsas vəzifəmiz qələbə qazanmaqdır. İstər rəsmi oyun olsun, istərsə də yoldaşlıq oyunu. Bundan əlavə, addım-addım irəliləməyə çalışaraq, oyun tapşırıqlarımızı həll edirik.

 

Küveytlə matçda komanda kifayət qədər yaxşı oynadı. Standart vəziyyətlərdə böyük potensialımız var. Bunlardan istifadə etməliyik. Eyni zamanda, pozisiyalı hücumlarla yanaşı, əks-hücumlarda da effektiv olmağa çalışmalıyıq. İtkilərimiz var. Bununla belə, Azərbaycanla oyunda ən yaxşı futbolçular meydana çıxacaq. İki matç arasında üç gün vaxt olmağı futbolçuların bərpasına kömək edir.

 

Yeni gələn oyunçular çox yaxşı təəssürat yaratdılar. Düşünürəm ki, onların komandaya qoşulması bizə müsbət təkan verdi. Sabahkı matçda debütlər mümkündür. Məşqdə gördüklərimdən deyə bilərəm ki, bu futbolçuları çağırdığım üçün peşman deyiləm".

Xəbər xətti