Polşa üçüncü liqasında debüt edən Nazim Bağırov Sportal.az saytına açıqlama verib. “Podlasiye”də çıxış edən yarımmüdafiəçi debütü haqda danışıb.
O, komandasının qələbəsilə başa çatan görüşdə debüt etsə də, zədələndiyini də bildirib:
“Debüt etdiyimə görə şadam. Oyunlar çox maraqlı gedir. İlk oyunum da maraqlı alındı. Azarkeşlər rəqib komanda üçün gəlsə də, biz qol vuranda bizə azarkeşlik edirdi. Komandamız gözəl oynadı. Həyəcan yox idi. Mən özüm də rahat idim. Beş dəqiqə içində 1-2 dəfə top qazandım. Üstəlik, cərimə zərbəsi də qazandım. Heyf ki, zədələndim, arxa əzələm yırtıldı. Yəqin ki, 2-3 həftə müalicə alacam. Daha sonra hazır vəziyyətdə olacam və komandaya kömək etməyə başlayacam”.
Bağırov, Polşa üçüncü liqası ilə kifayətlənmək fikrində olmadığını və daha üst liqalarda oynamaq istədiyini söyləyib: “Bir işdə maksimuma çatmırsansa, nyə başlayasan? Məncə, yuxarılara qalxmaq üçün geniş imkanlar var burada. Mən də bunun üçün çalışacam”.