Legioner həyatı yaşayan azərbaycanlı: "Ölkəmi daha yaxşı təmsil etməliyəm" - MÜSAHİBƏ

13:14 - 9 Aprel 2023

Latviyanın "Dauqavpils" klubunda forma geyinən U-21 yığmamızın üzvü Ramin Nəsirli Sportal.az saytına müsahibə verib.

- Latviyadakı işlərin necə gedir? Səni narahat edən məqam var?

- Hər şey yaxşı gedir. Burada məni hər şey qane edir. Komanda rəhbərliyi və kollektiv çox yaxşıdır, mənə də mehriban yanaşırlar. Narahat edən məqam yoxdur.

- Komandanın iki gün əvvəl "Metta"ya səfərdə məğlub oldu. 2:3 hesablı məğlubiyyətinizə səbəbi nədə görürsən?

- Bəli, "Metta" ilə görüşdə uduzduq. Son dəqiqələrdə üçüncü qolu buraxdıq. Halbuki oyun qarşılıqlı hücumlar şəraitində keçirdi. Bizim də yaxşı qol şanslarımız var idi, qələbə də qazana bilərdik. Ancaq təəssüf ki, bu baş vermədi.

- Dörd turdan sonra 7-ci pillədə qərarlaşmısız. "Dauqavpils"in bu mövsüm əsas məqsədi nədən ibarətdir? Avrokuboklarda uğrunda mübarizə aparmağınız realdır?

- Çempionat hələ yeni başlayıb. Cəmi yeddi tur oynamışıq. Oyunlarımızın çox hissəsini səfərdə keçirmişik. Qarşıdakı matçları öz meydanımızda oynayacağıq. İnanıram ki, qələbələrimiz gələcək. Ümumiyyətlə, klubun strategiyası gənc futbolçulara şans verib, onları yetişdirərək digər klublara satmaqdır. Avrokuboklara çıxmaq şansımız çoxdur. Çünki güc baxımından heç də zəif oynamırıq. 

- İki qol vurmağı bacarmısan. Maraqlıdır ki, "Neftçi"də cinah futbolçusu kimi oynayırsan. İndiki komandanda isə 9 nömrəli futbolkadasan. Baş məşqçi daha çox səni hücumçu kimi görür deyəsən...

- Doqquz nömrəli futbolkanı elə-belə seçmişəm. Bu nömrə ilə oynayan futbolçumuz yox idi, boş idi deyə, götürdüm. Baş məşqçi məni həm cinahlarda, həm də 10 nömrə mövqeyində oynadır. 

- "Dauqavpils"in heyətində uğurlu performansın artıq Latviya nəhənglərinin diqqətini çəkib. "Riqa"nın transfer siyahısında olduğun iddia edilir. Növbəti iş yerin məhz bu klub ola bilər, yoxsa özünü Avropanın daha güclü liqalarında görürsən?

- Öz üzərimdə daha da çox işləyib, ilk növbədə ölkəmi daha yaxşı təmsil etməliyəm. Əsas məqsədim budur. Digər məsələlərə gələndə, bu gün mən ancaq oyunlarda daha da çox komandama kömək etməyi düşünürəm. Məqsədim karyeramı Avropada davam etdirməkdir. 

- Latviyadakı effektiv çıxışından sonra səni Samir Əliyev Azərbaycanın U-21 yığmasına da dəvət edib. Yığma komandaya cəlb edilməyinə görə "Dauqavpils"də sənə daha ciddi yanaşırlar?

- Latviyaya gəlməmişdən qabaq da U-21 yığmasına dəvət edilirdim. Yığmanın məşqçilər korpusu bütün oyunları daim izləyirlər. Klubumla yanaşı, yığma komandamız üçün də ən yaxşısını etməyə çalışacam.

Mirbağırağa

Xəbər xətti