Azərbaycan milli komandasının və "Dinamo"nun hücumçusu Mahir Emreli "Sportske novosti"yə müsahibə verib. Sportal.az xəbər verir ki, Emreli yeni mövsümə Zaqreb klubunda başlamaq istəyindən söz açıb.
- Türkiyədəki karyeranı necə dəyərləndirirsən?
- Ötən mövsüm prinsipcə, mənim üçün ən çətinlərdən biri oldu. Birincisi, bunu statistikamdan görmək olar. Biz bilirik ki, qol vurmaq hücumçular üçün həmişə çox vacibdir. Təəssüf ki, “Dinamo”da kifayət qədər oyun dəqiqələrim yox idi və sadəcə olaraq, özüm üçün ən yaxşı variantı axtarırdım. Mənim üçün ən vacibi oynamaqdı. “Dinamo”ya ehtiyatda oturaraq kuboklar qazanmağa yox, klubun tarixində öz izimi buraxmağa gəlmişəm. Türkiyəyə getmək fürsəti yarandı və o zaman heç bir şübhəm yox idi. Düşünürəm ki, bu, düzgün qərar oldu. Təəssüf ki, Türkiyədə də çətin dövr yaşadım. Çünki hazırlığını artıq başa vurmuş və ən yaxşı vəziyyətdə olmayan komandaya qoşuldum: məğlubiyyətləri çox idi, yeni baş məşqçi gəlmişdi və sadəcə olaraq komandaya uyğunlaşmağa vaxtım olmadı. Mövsümün ikinci hissəsi bir qədər yaxşı keçdi, daha tez-tez oynayırdım. Amma bu məni qane etmir. Ümid edirəm ki, indi “Dinamo”da məni daha yaxşı günlər gözləyir.
- Türkiyəyə yollandığın üçün indi peşmansan?
- Xeyr, peşman deyiləm. Bu vəziyyət bir daha təkrarlansa, düşünürəm ki, yenidən belə seçim edərdim. Həyatımda heç nəyə görə peşman deyiləm. Yaşadığım hər şey mənim üçün yeni bir təcrübədir. O an ora getməyin mənim üçün ən yaxşısı olduğunu hiss etdim. Ümumiyyətlə, “Dinamo”da oynasaydım və o vaxtkı məşqçi ilə daha yaxşı münasibətim olsaydı, heç vaxt ayrılmazdım. Amma düşdüyüm vəziyyəti nəzərə alaraq belə bir qərar verdim.
- İcarə oyunçusu olmaq çətin deyil? Axı onlar səni klubda öz oyunçusu kimi görmürlər...
- Bu, belə deyildi. Təbii ki, bəzən özünü kluba aid hiss etmirsən. Sən yeni gələnsən və çox vaxt klub səninlə yüz faiz hesablaşmır. Əksinə, öz oyunçularına şans verəcəklər ki, bu da normaldır. Əgər mənim kimi hazırlığın artıq başa çatdığı bir vaxtda gəlsəniz, təbii ki, daha çətindir. Bu zaman uyğunlaşmaq həqiqətən çətin olur.
- Yenidən “Dinamo”dasan. Daha çox şans əldə edəcəyinə ümid edirsən? Komandada qalmaq üçün qayıtmısan, yoxsa yenidən icarəyə yollanacaqsan?
- Bu klubun bir hissəsi olmaq imtiyazdır. Mən "Dinamo"nu uşaqlıqdan tanıyıram və həqiqətən də burada iz buraxmaq istəyirəm. Özümü bu kluba layiq olduğumu göstərmək niyyətindəyəm. Mən bunu ilk növbədə özümə, kluba və azarkeşlərə borclu olduğumu hiss edirəm. Yeni fürsətdən yeni məşqçi ilə istifadə edərək bura niyə gətirildiyimi göstərmək istəyirəm. Təlim-məşq toplanışına yeni gəlmişəm və məşqçi ilə danışmağa çox vaxtım olmayıb. Amma bilirəm ki, o, keçmiş futbolçudur, böyük karyerası olan “Dinamo”nun əfsanəsidir. Dərhal deyə bilərəm ki, məşqlər əla keçir. Əyləncəlidir, çətindir, amma biz topla çox işləyirik və bu mənim xoşuma gəlir. Məşqçinin dünyagörüşü xoşuma gəlir və görürsən ki, o, həqiqətən də futbolu başa düşür. O, biz oyunçularla necə ünsiyyət qurmağı bilir. Mövsüm başa çatdıqdan sonra millidə oynadım və mümkün qədər tez qayıtmaq, İqor Bişçanın məşqində özümü sübut etmək üçün cəmi beş gün dincəlmək qərarına gəldim. Mən özümə inanıram və “Dinamo”da qalmaq istəyirəm. Klubun da təbii ki, öz maraqları var. İndi mən yalnız meydandakı işimə konsentrasiya olmuşam. Mənim və “Dinamo” nəyin yaxşı olduğunu sonra görəcəyik.
- “Dinamo” ilə “Konyaspor”un fərqi nədədir? Səncə, “Dinamo” Türkiyə Superliqasında hansı yeri tuta bilər, çempionluq uğrunda mübarizə apara bilər?
- Bu cür komandaları müqayisə etmək çətindir. Mən həmişə dürüst olmağı sevirəm. Mənim üçün “Dinamo” ən yaxşı klubdur. "Dinamo"nun keyfiyyəti və əldə etdiyi nəticələr heyranedicidir. Məncə, “Dinamo” Superliqada ən yüksək zirvə üçün mübarizə apara bilər. Amma onu da deyim ki, Türkiyə liqası Xorvatiya çempionatından qat-qat güclüdür. Türkiyədə bir çox komandanın xüsusiyyətləri var. Hər kəs digərini məğlub edə bilir. Həqiqətən çətin liqadır. Xorvatiyada keyfiyyət ildən-ilə artır, amma yenə də “Dinamo”ya baxsanız, hər il birinci yerdədir və onun arxasındakılar az-çox həmişə ilk dördlükdə olurlar. Mənim üçün əla olan odur ki, Türkiyə liqasında bütün komandalar hücum futbolu oynayır. Amma Xorvatiyada “Dinamo”ya qarşı rəqiblər demək olar ki, bütün heyətlə müdafiə olunur. Bəzən bu müdafiəni yarmaq çox çətindir.
- Çempionlar Liqasının təsnifat mərhələsinin başlanğıcında rəqib kimi hansı komandaya üstünlük verərdin: “Astana” (Qazaxıstan) yoxsa, “Dinamo”(Tbilisi, Gürcüstan)?
- Seçəsi olsam, “Dinamo”nu deyərdim. Çünki mənim evimə yaxındır (gülür). Zarafat bir yana, hər iki komanda hörmətə layiqdir və Çempionlar Liqasının seçmə mərhələsində hər matç çətin olur. Artıq asan qarşılaşmalar yoxdur, biz yüz faiz diqqətimizi cəmləməli və Avropada mümkün qədər uzağa getmək üçün əlimizdən gələni etməliyik. Əsas məqsəd Xorvatiya çempionu tituludur ki, Avropada oynamaq imkanı əldə edək. Məqsədimizin Çempionlar Liqası olduğunu gizlətmirik. Təbii ki, bu, hər bir futbolçunun arzusudur, amma deməliyəm ki, Avropa Liqası da möhtəşəm yarışdır və hər hansı bir avrokubokda uğur qazansaq, uğur olar. Biz özümüzə inanırıq, amma addım-addım gedirik. Rəqibi təhlil edəcəyik, mövsümün startına maksimum hazırlaşmaq üçün əlimizdən gələni edəcəyik və azarkeşlərlə birlikdə yeni böyük qələbələr qazanacağıq.
- Başqa klublardan təklif almısan?
- Mən bu barədə düşünmürəm. Bunun üçün oyunçuların agentləri var. Arzum aydındır və mən bütün diqqətimi “Dinamo”ya yönəltmişəm. Məni yalnız meydançaya çıxmağım və işimi görməyim motivasiya edir.
Mirbağırağa