"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Anadolu" agentliyina müsahibə verib.
Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Ağdam təmsilçisinə yeni gəldiyi vaxtlar haqda danışıb. Təcrübəli məşqçi klub prezidenti Abdolbari Gözəlin sözlərinin onun üçün motivasiya olduğunu bildirib:
"Komandaya gəldiyim zaman klub prezidenti Abdolbari Gözəl mənə "Heydər Əliyevə bu komandanı Avropada tanıdacağıma söz vermişəm" dedi. Bu, bir azərbaycanlı olaraq mənim üçün böyük motivasiya oldu. İşimizə bu motivasiya ilə başladıq. İlk ilimdə çempion ola bilməsək də, Azərbaycan Kubokunu qazandıq. Avropa Liqasında pley-off mərhələsinə kimi getdik. Bu, həmin zaman üçün böyük uğur idi".
Qurban Qurbanov ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəldikdən sonra prezident İlham Əliyevin zəng edərək təbriklərini çatdırdığını qeyd edib:
"Avropa Liqasının pley-off mərhələsinə yüksəldikdən sonra Prezident İlham Əliyevin zəng edərək bizə təbriklərini çatdırması mənə əlavə motivasiya verdi. "Qarabağ" adını yaşatmaq üçün rəhbərliklə birlikdə yaxşı iş gördük və bu gün nəticəsini görürük. Bizim əsas motivasiyamız komandamızın adı olan "Qarabağ"dır. 2-ci Qarabağ müharibəsindəki zəfərdən sonra legioner futbolçularımız adımızın önəmini daha yaxşı başa düşdü".
Qurbanov Azərbaycan Kuboku 1/8 final mərhələsinin MOİK-lə Xankəndidə keçirilən oyunu haqda da danışıb. O, həmin günün çox böyük gün adlandırıb:
"Bu çox böyük gün idi. Prezident İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva da qarşılaşmanı izlədi. Şəhid övladları da orada idi. Heç vaxt unudulmayacaq bir gün oldu. Ağdamda da stadion inşa ediləcək. Komandamız nəhayət ki, ora qayıdacaq".
Təcrübəli mütəxəssis "Qarabağ"a Türkiyədə də böyük maraq olduğunu deyib:
"Türk xalqına böyük sayğım və etimadım var. Komandamıza Türkiyədə də böyük maraq var. Mən bir azərbaycanlı olaraq, bir türk oğlu türk olaraq onlara təşəkkür edirəm. Biz həqiqətən də qardaşıq, hər zaman bir-birimizin yanında olmuşuq. Həm sevincimizdə, həm də pis günümüzdə bir yerdə olduq. Türk xalqı bizi öz komandaları kimi görür. Səfər oyunlarında xeyli sayda türk azarkeş bizi dəstəkləyir".
Qurban Qurbanov sonra Avropa Liqasının 1/8 final mərhələsində rəqibləri olan "Bayer" haqda danışıb. O, Leverkuzen təmsilçisinin hazırda Avropanın ən yaxşı komandalarından biri olduğunu bildirib:
"Bayer"lə qrup mərhələsində rəqib olmuşuq. Hər iki matçda məğlub olduq. "Bayer" Avropanın ən yaxşı komandalarından biridir. Belə komandaların Azərbaycana gəlməsi futbolun sevilməsinə böyük fayda verəcək. Güclü rəqib olsalar da, biz məmnunuq. Yenə böyük bir komandaya qarşı oynayacağıq. Futbolçularımız yenə o böyük futbolu, sürəti və dinamikanı hiss edəcək. Azarkeşlər də oyundan zövq alacaq. Məğlub ola bilərik, amma meydanı mübarizə aparmadan tərk edə bilmərik".
saytlarin hazirlanmasi