"Qarabağ” FK-30 mövsüm səfərdə" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbir Heydər Əliyev Mərkəzində təşkil edilib. Üç seriyadan ibarət film klubun tarixinə həsr olunub.
Sportal.az xəbər verir ki, təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, “Qarabağ”ın prezidenti Tahir Gözel mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, komandamızın baş məşqçisi Qurban Qurbanov, idman ictimaiyyətinin nümayəndələri, həmçinin, digər qonaqlar iştirak edib.
Bakı Media Mərkəzi, “Salnaməfilm” studiyası və İctimai Televiziyanın birgə istehsalı olan ekran əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanıb. "Qarabağ” FK-30 mövsüm səfərdə"nin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüserləri isə Orman Əliyev, Balakişi Qasımov, quruluşçu rejissoru Fuad Quliyev, ssenari müəllifləri İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov və Fuad Quliyevdir.
Ötən il lentə alınan bu film Azərbaycan futbolunda ilklərə imza atan və tarix yazan “Qarabağ”ın Ağdamın 1993-cü ildəki işğalından sonra qaçqın durumuna düşməsindən bəhs edir. Bu müddətdə komanda bütün matçlarını Ağdamdan kənarda keçirsə də, böyük uğurlar qazanmağa nail olub.
Tədbirdə çıxış edən Tahir Gözel bildirib ki, “Qarabağ” haqqında çəkilən bu film dünyanın hər yerində, o cümlədən Avropada ən böyük mükafatlara layiq görülməlidir: “Belə bir əsərə görə emosiyalara qərq olmamaq mümkün deyil. Belə tarix və iradə harada var? Heç yerdə. Bombalar altından Avropanın fəthinə. “Qarabağ”ın hekayəsi Vətənin hekayəsi ilə paraleldir. İtirilən torpaqlar, yeni yaradılan ölkə və möhtəşəm zəfərlər. "Qarabağ" Azərbaycana, Azərbaycan da "Qarabağ"a ilham verir. Hamısının başında cənab İlham Əliyev dayanıb. "Qarabağ"ın yaratdığı möcüzə bu filmdə də açıq-aydın əksini tapıb. Möhtəşəm əsərdir. Futbol tarixinə, film dünyasına hədiyyədir. Film Avropada, dünyanın hər yerində ən böyük mükafatlara layiq görülməlidir”.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da klubumuz barədə filmin təqdimatında çıxış edib: “Film çox yüksək səviyyədə hazırlanıb. Bu işdə əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Biz hamımız doğru yolu göstərə bilərik. Güclü kollektivim, güclü futbolçularım var. Hər oyundan öncə onlara hansı adı təmsil etdiyimizi xatırladıram. Bu ad üçün neçə şəhid verilib, neçə can qurban gedib. Mən hər zaman bu komandada döyüşçü ruhunu qoruyub saxlamağın tərəfdarıyam. Necə ki cənab Ali Baş Komandan 44 günlük Vətən Müharibəsində bütün xalqın, bütün ordunun döyüş ruhunu qoruyub saxladı, onları Böyük Zəfərə apardı".
Tədbirin sonunda Arzu Əliyevaya “Qarabağ”ın özəl hazırlanmış forması təqdim olunub.
saytlarin hazirlanmasi