Qurban Qurbanov: "Rəşad Sadıqov nəticəyə oynamağı bacarır"

16:45 - 1 İyun 2024

"Qarabağ" Azərbaycan Kubokunun final matçı çərçivəsində sabah "Zirə" ilə üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox istəyərdim ki, nəticədən asılı olmayaraq azarkeşlər üçün baxımlı oyun olsun. Çox ciddi rəqibə qarşı oynayırıq. "Zirə"yə qarşı oynamaq elə də asan olmayıb. Xüsusən də son matçlarda. Çox yaxşı idman formasılnda olan komandaya qarşı oynayacağıq. Rəqibimiz Premyer Liqada ikinci yeri tutub. "Zirə" üçün çox yaxşı, böyük nəticədir. Finalı daha rahat oynayacaqlar. Dəfələrlə demişəm ki, kubok tam başqa prestijdir. Hər bir futbolçu istəyər ki, kuboku qazansın. Bunun üçün pis hazırlaşmamışıq, vaxtımız oldu. Futbolçularım evə getmək istəyirdilər, amma onları bu oyuna tam hazır etməyə çalışdıq. Nəticə üçün ən yaxşısını edib, azarkeşlərimiz üçün baxımlı oynamağa çalışacağıq.

- Dediz ki, "Zirə" matça rahat çıxacaq. Bu məqam işinizi daha da çətinləşdirəcək? 

- Üstünlükləri olacaq. Bir müddət əvvəl də onlarla finalda qarşılaşmışdıq. Penaltilərlə "Zirə"yə qalib gəlmişdik. Elə o vaxt da "Zirə"nin qalib gələrək avrokuboklara yollanması vacib idi. 120 dəqiqə oynadıq. Bu da əlavə motivasiyadır ki, belə matçlarda Rəşad Sadıqov nəticəyə oynamağı bacarır. Rəqibə imkan vermir ki, öz oyun üslubunu meydanda yeritsin. İkinci yeri tutmaları "Zirə"nin oyuna daha rahat, güvənli çıxmasına kömək olacaq. Əgər komanda avrokuboklara çıxırsa, bu da tituldur. "Zirə"nin də şansları var ki, ikinci titulu əldə etsin. Bizim də şansımız var. Qarşımızda istəkli, inamlı rəqib olacaq. Keçən dəfəki final, həm də rəqibin ikinci yeri tutması "Zirə"nin üstünlükləridir.

- Penaltilərə hazırlaşmısız?

- Futbolçulara psixoloji olaraq hazırlaşmağı məsləhət görmüşəm.

- Finalların taleyini nə həll edir?

- Kubok oyunlarına fərqli yanaşıram. Ən böyük, ən gözlənilməz nəticələr elə kubokda olur. İstər ölkə kubokunda, istərsə də, avrokuboklarda belədir. Finallarda bəzən düşünmədiyimiz qaliblər görmüşük. Almaniyaya baxın, II Bundesliqa klubu finalda oynadı. Az qalmışdı ki, "Bayer"ə qalib gəlsinlər. Belə oyunlarda futbolçularımı psixoloji cəhətdən hazırlamağa çalışıram. Çempionatın sonunda onların fiziki formalarını çox tələb etmək düzgün deyil. Çünki onsuz da hazırdırlar. Psixoloji məqama, sərbəst və soyuqqanlı şəkildə oynamaqlarına üstünlük verirəm. Rəqibi də nəzərə almalıyıq. Daha istəkli, kubok üçün alışıb-yanan rəqib olacaq.

- Axşam Çempionlar Liqasının finalında"Real"a azarkeşlik edəcəksiz? Çünki onlar qalib gəlsə, ÇL-ə ikinci mərhələdən başlayacaqsız?

- Xeyr, "Qarabağ"a. Qoy birinci mərhələdən başlasın. Layiqli olan qalib gəlsin. Çalışmışıq ki, öz reytinqimizlə irəliləyək. Əgər bizim üçün xeyirlidirsə, üstünlüyü varsa, istərdik ki, "Real" qalib gəlsin. Proqramımızda dəyişiklik edəcəyik. İstəyirik ki, futbolçular üçün istirahət müddəti çox olsun. Oyunçularım bu mövsüm çox güc sərf etdilər. Oturub gözləyəcəyik.

- Qapı xəttində rotasiya ola bilər? Hər üç qapıçının ayrılacağı deyilir...

- Oyundan qabaq heç vaxt deməmişəm. Amma üstünlük Andrey Lunyovdadır.

Mirbağırağa

Xəbər xətti