"Real"ın Çempionlar Liqasını qazanması "Qarabağ"a da öz təsirini göstərib. Madrid təmsilçisinin qələbəsi Ağdam klubunun ÇL-də 2024/25 mövsümünə ikinci mərhələdən başlamasını rəsmiləşdirib.
İlk baxışdan qürürverici hadisədir - "Qarabağ" Çempionlar Liqasına ikinci mərhələdən başlayacaq! Əksəriyyət bu xəbəri sevinclə qarşılayıb. Ancaq bu durumu incələsək, ortaya həm də bir qədər fərqli mənzərə çıxacaq.
Əvvəlcə bir fakt vurğulanmalıdır ki, Qurban Qurbanovun "Qarabağ"ı avrokuboklarda heç vaxt ilk mərhələdə mübarizəni dayandırmayıb. Lakin çətinliklərlə üzləşdiyi vaxtlar az olmayıb. Baş verənlər yekun nəticədə əksini tapmasa da, "Qarabağ"ın oyun planında axsamalarına tez-tez rast gəlinib.
Əgər arxada qalan illərə diqqət yetirsək, "Qarabağ" həmişə oyundan-oyuna, mərhələdən-mərhələyə artıran komanda olub. Qurban Qurbanov hazırlıq planını elə qurub ki, komanda qrup mərhələsinə düşmə ərəfəsində pik formasına çata bilib.
Sözümüzün canı odur ki, "Qarabağ" üçün ikinci mərhələdən başlamaq yeni bir hadisə olacaq. Əgər əvvəlki illərdə ilk mərhələni bir növ hazırlıq səviyyəsinin artırılması etapı kimi keçə bilirdilərsə, indi fərqli mübarizənin içində olacaqlar. Bu dəfə oyun planında axsaqlıqları aradan qaldırmaq üçün hesablanmış həmin matçlar olmayacaq. Yeri gəlmişkən, ilk mərhələ ötən mövsümdən iki oyunluq cəzası qalan Elvin Cəfərquliyev üçün də yerinə düşə bilərdi.
"Qarabağ"ın nəticələri yaxşılaşdıqca yeni şərtlərə uyğunlaşması da gərək olacaq. Belə görünür ki, bundan sonra hazırlıq planı məhz ikinci mərhələdən başlamağa hesablanacaq.
Həmid
saytlarin hazirlanmasi