"Səbail"in kapitanı Rüfət Abdullazadə Sportal.az saytına müsahibə verib.
- “Səbail” ölkə kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"a qalib gəlməyi bacardı. Amma bu heç də asan alınmadı. Matçın sizin üçün bu qədər çətin alınmasının səbəbi nə idi?
- Oyunun çətin keçməsi özümüzdən asılı oldu. Sadəcə tez qol vurmalı idik. Birinci hissədə mənim özümün də bir neçə qol şansım var idi. Amma dəyərləndirə bilmədim. Erkən qol vursaydıq, matç bizim üçün daha rahat keçəcəkdi. Lakin şükürlər olsun ki, növbəti mərhələyə adlamağı bacardıq. Bu da bizi çox sevindirdi.
- “Səbail"in növbəti turdakı rəqibi ya "Qəbələ", ya da "Qarabağ" olacaqdı. Məlum oldu ki, 1/4 finalda Ağdam təmsilçisi ilə qarşılaşacaqsız. Yəqin ki, "Qəbələ"nin düşməsini daha çox istəyərdin?
- Bu sualın cavabını bilirsiniz(gülür). Amma rəqibimiz hansı komanda olursa-olsun, bizim işimiz ona görə hazırlaşıb oyunumuzu oynamaqdır. Həmin matça qədər vaxt var. Oyun yaxınlaşanda, biz ən yaxşısını edəcəyik.
- “Səbail”in Premyer Liqada işləri heç də yaxşı getmir. Bu dönəmdə kubokdakı uğurlu nəticə çempionat matçları öncəsi də sizə yüksək motivasiya verəcək?
- Elədir. “Qaradağ-Lökbatan”la matçdan sonra da elə bu haqda danışırdıq. Bir-birimizə dedik ki, görüş bizim üçün motivasiyadır. İstənilən rəqibə qarşı hər qələbə ruh yüksəkliyi qazandırır. Ümid edirəm ki, qələbəmizin ardını çempionat matçlarında da gətirəcəyik.
- "Səbail" hazırda turnir cədvəlində sonuncu pilləsindədir. Necə düşünürsən, vəziyyəti düzəltmək mümkün olacaq? Yəqin ki, ikiqat gərginlik hiss edirsiz...? Liqadan düşmək təhlükəsini hiss edirsiz, yoxsa buna fikir vermirsiz?
- Gərginliyin olması normaldır. Çempionat özü çox gərgin keçir. Əslində, bir pillə yuxarıda olanda da gərginlik var idi. Premyer Liqadan düşmək barədə fikirləşmirik. Çünki yaxşı komandayıq. Çempionatı yaxşı yerlərdə bitirmək üçün komandamızın potensialı var. Mübarizəmiz davam edir. Qarşıda oyunlar çoxdur. Çalışacağıq ki, hər şey daha yaxşı olsun.
- Ümumiyyətlə, Cavid Hüseynovun gəlişindən sonra komandada dəyişən nəsə oldu?
- Cavid müəllimin öz oyun fəlsəfəsi var. Bunu da məşqlərdə, iclaslarda bizə göstərir ki, daha aydın olsun. Bu bir az vaxt alacaq. Belə olması da normaldır. Amma oyundan-oyuna artıq daha yaxşı olacağıq. “Sabah”la oyunu çıxsaq, “Qarabağ”a qarşı pis matç keçirmədik. Məncə, artıq komandamız taktiki gedişlər uyğunlaşır. İnanıram ki, daha da yaxşı olacaq.
- Bu mövsüm adından daha çox söz etdirən oyunçulardan biri sənsən. Qışda sənin daha güclü kluba keçməyin realdır, yoxsa bu dövrdə "Səbail"i qoyub getmək istəməyəcəksən?
- Gələcək barədə danışmaq istəmirəm. Mənim işim meydanda olduğum müddətdə komandama kömək etməkdir. Qarşıda bizi çox və vacib oyunlar gözləyir. Həmin görüşlərə fokuslanırıq.
Mirbağırağa