“Qarabağ” Əmrə Candan imtina edib - "Borussiya" onu Koxalski ilə dəyişmək istəyir

10:34 - 31 Oktyabr 2025

Dortmund “Borussiya”sı Mateuş Koxalskini transfer etmək istəyində israrlıdır. Almanlar polşalı qolkiperi “Qarabağ”dan qoparmaq üçün müxtəlif variantlara əl atır.

Sportal.az "Futbolinfo.az"a istinadən xəbər verir ki, Bundesliqa klubu “Qarabağ”a qış fasiləsində rəsmi təklif göndərmək niyyətindədir. Amma dortmundluların alternativ variantı da var. Onlar Koxalskinn əvəzinə başqa bir futbolçunu qarşı tərəfə göndərmək istəyir. Belə ki, “Borussiya”nın əsas heyətində yerini itirən Əmrə Can Ağdam klubuna təklif olunub.

Almaniya millisinin sabiq kapitanının müqaviləsi cari mövsümün sonunda başa çatır. 31 yaşlı dayaq yarımmüdafiəçisi ilə “Qalatasaray” və “Başakşəhər” də maraqlanır. Oyunçu özü də Türkiyəyə yollanmaq istəyir, lakin “Borussiya” onu qışda “Qarabağ”a göndərmək niyyətindədir.

Amma ağdamlılar “Bayern”, “Bayer”, “Liverpul” və “Yuventus”da oynamış, 2020-ci ilin yanvarından “arılar”ın şərəfini qoruyan təcrübəli oyunçunun xdmətində maraqlı deyil. İmtinanın səbəbi oyunçunun yaşı və yüksək maaş tələbidir. “Qarabağ” illik 1,5-2 milyon avro istəyən oyunçudansa daha gənc legioner gətirməyə üstünlük verəcək.

Ən əsası “Qarabağ” Koxalski ilə vidalaşmaq istəmir. Klub rəhbərliyi yalnız yüksək transfer haqqı ödəniləcəyi təqdirdə qolkiperi satmağa razıdır. “Borussiya” isə qapıçıya görə tələb olunan 3 milyon avronu ödəməkdə maraqlı deyil.

Danışıqların qış fasiləsi zamamı davam edəcəyi gözlənilir.

Xəbər xətti