"Millimizin həm Lixtenşteyndən, həm də Litvadan üstün olduğunu düşünürəm"

12:49 - 16 İyun 2026

"Millimiz həm Malta, həm  San Marino ilə görüşdə yaxşı təsir bağışladı. Baxmayaraq ki, Maltaya uduzduq, amma o oyunda da yetərincə qol imkanlarımız oldu. Sadəcə istifadə edə bilmədik deyə, uduzduq. Yoxsa, futbolçularımız yaxşı oynamışdı. San Marino ilə görüşdə millimiz əzmkarlıq göstərdi. Düzdür, erkən qol buraxdıq. Lakin sonda qələbə qazana bildik. Hər iki matçda qol imkanlarımız çox idi. Sadəcə dəqiq yerinə yetirə bilmirdik. İmkanlardan maksimum istifadə etməlisən ki, qələbə qazanasan. Oyun baxımından millimiz iki oyunda da pis deyildi".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının veteran futbolçusu Emin İmaməliyev deyib.

O, yığma komandamızın hazırkı durumundan bəhs edib. İmaməliyevin fikrincə, Millətlər Liqasında Litva və Lixtenşteynlə görüşlərdə uğur qazanacaq gücdədir: "İnanıram ki, Millətlər Liqasında da millimiz yaxşı oyun sərgiləyərək lider olacaq. Litva və Lixtenşteyn dişimizə uyğun rəqiblərdir. Hətta onlardan üstün olduğumuzu deyə bilərəm. Lixtenşteyndən 100 faiz üstünük. Litva ilə eyni səviyyə ola bilərik, amma hardasa özümü onlardan üstün hesab edirəm. Millimizin Millətlər Liqasını lider başa vuracağına inanıram".

Mirbağırağa
 

Xəbər xətti