Uzun müddətdir yenidənqurma işlərinin davam etdiyi Gəncə stadionunun tam hazır vəziyyətə gətirilməsinə az qalıb. Sosial şəbəkələrdə və mətbuatda paylaşılan xəbərlərdən arenada son tamamlanma işlərinin getdiyini görürük.
UEFA standarlarına cavab verən stadion qısa vaxtda futbolsevərlərin xidmətinə açılacaq.
Premyer Liqada çıxışını davam etdirən “Kəpəz”in növbəti mövsüm ev oyunlarını doğma meydanda keçirəcəyi gözlənilir. Ancaq gəncəli azarkeşlər yeni tikilən möhtəşəm stadionda yalnız doğma klublarının oyununa baxmayacaq.
Futbolsevərlər Gəncə stadionunda millimizin matçlarına da şahidlik edəcəklər.
Sportal.az İdmanxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının Millətlər Liqasındakı ev oyunları məhz Gəncə stadionunda baş tutacaq. AFFA artıq bununla bağlı qərarını qətiləşdirib.
Millimizin Litva və Lixtenşteynə qarşı görüşləri ölkənin ikinci böyük şəhərində oynanılacaq. Bu, yenilənmiş arenada ilk beynəlxalq səviyyəli futbol matçları olacaq.
Xatırladaq ki, Azərbaycan millisi oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litvanı qəbul edəcək.
saytlarin hazirlanmasi
