"Zirə"nin sabiq forvardı Vladislav Kulaç Sportal.az saytına müsahibə verib. “Şaxtyor”, “Dinamo”(Kiyev), “Vorskla” kimi klublarda oynamış ukraynalı bu gün Konfrans Liqasında keçiriləcək “Qarabağ” – “Dinamo” matçı haqda da fikirlərini söyləyib.
- Hazırda karyeranız necə gedir? Deyəsən, aşağı liqada mübarizə aparan "Mayak" klubunda oynayırsınız...
- Hazırda futbolçu karyeramda fasilə vermək qərarına gəlmişəm. Hətta peşəkar karyeramı başa vurmaq ehtimalım da var. Amma futboldan tam uzaqlaşmamışam. Hazırda həvəskar komanda olan “Mayak”dayam. Həmçinini media liqada çıxış edən “Parfan”da da oynayıram.
- Azərbaycan futbolu və "Zirə"ni izləyirsiz?
- Bəli, əlbəttə, bəzən Azərbaycan futbolunu izləməyə imkan tapıram. Hazırda komandalar başa düşürlər ki, “Qarabağ”la rəqabət aparmaq mümkündür. Buna nümunə kimi “Sabah”ı göstərmək olar. Bu il heyətlərini çox ciddi şəkildə gücləndirdilər, büdcələrini artırdılar və infrastrukturun inkişafına da böyük diqqət ayırırlar. Ona görə də onların çempion olması təsadüfi deyil. Avrokuboklarda da yaxşı futbol nümayiş etdirirlər və Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edəcəklər. Bu da çox böyük əhəmiyyət daşıyır.
- "Zirə"dəki karyeranı necə xatırlayırsız?
- "Zirə"nin də son bir il yarım ərzində çox yaxşı çıxış etdiyini düşünürəm. Baxmayaraq ki, mənim zədələrim oldu, biz ikinci yeri tutduq və kubokun finalına yüksəldik. Təəssüf ki, finalda qalib gələ bilmədik. Amma ümumilikdə hər şey yaxşı idi.
- Azərbaycandan ayrıldıqdan sonra "Pünik"ə keçmişdin. "Zirə"də n ayrıldıqdan sonra Azərbaycanın başqa klubundan təklif almışdın?
- Əlbəttə, hər şey başqa cür də inkişaf edə bilərdi. Mən Azərbaycanda qalmaq istəyirdim və qala da bilərdim. Amma buna mane ola biləcək müəyyən məqamlar var idi. Buna baxmayaraq, “Zirə” ilə bağlı çox yaxşı xatirələrim var və həmin dövrü xoş hisslərlə xatırlayıram. “Bəli, “Zirə”dən sonra “Sumqayıt”dan təklif almışdım. Amma nədənsə danışıqlar dalana dirəndi. Mən buna qarşı deyildim, “Sumqayıt”a getmək istəyirdim, amma sonda nəsə alınmadı. Azərbaycandan başqa təklif isə olmadı.
- Sabiq komandan "Dinamo" bu gün Bakıda "Qarabağ"ın qarşısına çıxacaq. İlk görüşdə "Dinamo" 1:0 qalib gəlmişdi. Bu nəticə sənin üçün gözlənilməz olmamışdıki?
- "Dinamo” ilə “Qarabağ” arasında keçirilən ilk oyuna gəlincə, deyərdim ki, “Dinamo”nun qələbəsi təsadüfi deyildi. “Dinamo”nun heyətində çoxlu gənc futbolçular olsa da, onlar artıq yüksək səviyyədə kifayət qədər oyun keçiriblər. Bundan başqa, komandada ən yüksək səviyyədə çox böyük təcrübəyə malik, çoxsaylı oyunlar keçirmiş futbolçular da var. Ona görə hesab edirəm ki, bu gün keçiriləcək cavab oyununda “Dinamo” məğlub olmayacaq və növbəti mərhələyə yüksələcək.”
- "Dinamo "Qarabağ"ı dayandıra biləcək? "Vorskla"da oynadığınız vaxtda "Qarabağ"a qarşı Avropa Liqası görüşündə qol vurmuşdun. Özü də Bakıda...
- Əlbəttə, oyun çətin olacaq. “Qarabağ” çox güclü və yaxşı komandadır. Təbii ki, “Vorskla”da oynadığımız vaxt “Qarabağ”la keçirdiyimiz oyunu xatırlayıram. Həmin qələbə “Vorskla”nın tarixində Avropa Liqasının qrup mərhələsində qazandığı ilk qələbə idi.
Bu oyunla bağlı çox xoş və isti xatirələrim var. Çünki həmin matçda qol vuraraq komandamın qələbə qazanmasına kömək etmişdim. Çox çətin oyun olmuşdu, amma sonda qalib gəldik və azarkeşlərə inanılmaz emosiyalar yaşatdıq.
- Ukraynalı mütəxəssislər "Dinamo"nu tez-tez tənqid edirlər. Hətta komandanın əfsanələrindən hesab edilən Artyom Milevski komandanın müdafiə xəttinin çox bərbad durumda olduğunu bildirib. "Qarabağ" "Dinamo"nun bu durumundan bundan yararlana bilər..
- Bilirsiniz, hər mövsüm hər bir komanda tənqid olunur. “Dinamo”da da dəyişikliklər var. Bəli, heyət bir qədər dəyişib, klubda müəyyən yenidənqurma işləri aparılıb və komandada çoxlu gənc futbolçu var. Amma düşünürəm ki, komanda zamanla inkişaf edəcək və bütün bunlara baxmayaraq, bu gün qarşısına qoyulan tapşırığın öhdəsindən gələcək, lazımi nəticəni əldə edərək növbəti mərhələyə yüksələcək.
Mirbağırağa
saytlarin hazirlanmasi
