"İmişli" yaxın illərdə yerli baş məşqçi ilə işbirliyi qurmayacaq.
Sportal.az "Sportinfo.az"a istinadən xəbər verir ki, bu barədə prezident Kamran Eyyubov klubdaxili toplantıda məlumat verib.
O, bu məsələyə həsr olunan yığıncaqda komandanın gələcək perspektivi barədə planlarını bölüşüb. Aran təmsilçisinin başqanı bildirib ki, hazırda kollektivi etibar edəcəyi azərbaycanlı mütəxəssis tanımır.
Eyyubov vəziyyətdən çıxış yolunu xarici çalışdırıcı tapmaqda görür. Deyib ki, hazırda bir neçə əcnəbinin namizədliyini gözdən keçirir və yaxın vaxtlarda yekun qərar verəcək.
"İmişli" bir neçə gün öncə baş məşqçisi Fərid Namazovla yolları ayırıb. Komandaya müvəqqəti olaraq latviyalı Ervins Perkons rəhbərlik edir.
Əyalət mənsubu onun başçılığı ilə Premyer Liqanın 8-ci turunda "Turan Tovuz"u Yevlaxda qəbul edib və 1:0 hesabıyla qalib gəlib.
"İmişli" hazırda Misli Premyer Liqasında 7 xalla doqquzuncu sırada yer alıb. Namazovun gedişinə səbəb də elə bu uğursuz nəticədir.
Yeddi tura cəmi 4 xal topladığı üçün gənc sükançı istefaya göndərilib.
İmişli rayonunun eyniadlı təmsilçisi elitada ikinci mövsümünü keçirir. Debüt ilində kollektivi Jorj Kaşkilya çalışdırıb.
Mövsümü doqquzuncu yerdə başa vuran portuqaliyalı rəhbərliklə müəyyən məsələlərdə fikir ayrılığı yaşadığı üçün müqavilənin müddətini uzatmayıb.
saytlarin hazirlanmasi
