Qalmaqallı matçın hakimi:"Kimin kim olduğunu yaxşı bilirlər"

22:46 - 18 Noyabr 2013

"Hərə öz mənafeyini güdür"
 
I divizionun 10-cu turu çərçivəsində keçirilən MOİK – “Araz” (0:1) matçında xoşagəlməz anlar yaşandı. Belə ki, oyunun baş hakimi Anar Salmanovun əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə MOİK-in qapısına penalti təyin etməsi “hərbçilər”in böyük narazılığına səbəb oldu. Hətta futbolçular etiraz əlaməti olaraq, meydançanı tərk etmək istəsələr də, sonradan geri döndülər. Mətbuatda narazı MOİK rəsmilərinin Salmanovun üzərinə hücum çəkdiyi haqda xəbər yayıldı.
 
Sportal.az xəbər verir ki, ancaq hadisələrin episentrində olmuş referi açıqlamasında bunu təkzib edib. Öncə isə verdiyi penalti qərarı haqda danışıb: “Haqsız iradlardır. 90+2-ci dəqiqədə penalti olub, mən də vermişəm. Sadəcə, bizdə elə düşünürlər ki, əsas vaxta əlavə olunmuş dəqiqələrdə penalti vermək olmaz. Bu cür düşünənlər, məni ittiham edənlər futbolu bilməyən adamlardır. Avropada hətta 30-cu saniyədə də onbirmetrlik nöqtəni göstərirlər. İngiltərədə 90+6-cı dəqiqədə də penalti təyin edirlər. Əfsuslar olsun ki, bizdə futbol qaydalarını bilən azdır. Hərə öz mənafeyini güdür”.
 
Salmanov nitqini MOİK rəsmilərinin onun üzərinə hücum çəkməsi haqda yayılan xəbəri təkzib etməklə tamamlayıb: “Bu xəbəri kim çıxarıb? Ağızlarına gələni yazırlar. Onsuz da, ictimaiyyət hamını tanıyır. Hakimlikdə kimin kim olduğunu yaxşı bilirlər. Təbii ki, səhvlər olacaq. Bundan heç kim sığortalanmayıb. Məgər futbolçu, məşqçi səhv eləmir?”.
 
forvard.az

Xəbər xətti