"Qışda geri qayıtmalıyam, ola bilər ki, 6 ay Lənkəranda oynadım"
Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyev “Xəzər Lənkəran”a qayıdır.
Sportal.az xəbər verir ki, bu barədə 30 yaşlı müdafiəçinin özü məlumat verib.
Hazırda icarə əsasında “Qəbələ” klubunun uğurları üçün çalışan Elnurun icarə müddəti dekabr ayında başa çatır. Qışdan sonra hələ 6 ay “Xəzər Lənkəran”a məxsus olacaq Allahverdiyev bu mənada geri dönməlidir. Con Toşakın istefa verməsi isə Elnurun geri qayıtması üçün əlavə zəmin formalaşdırıb.
Yəni, Elnuru qışdan sonra yenidən “Xəzər Lənkəran”ın formasında görsəniz, təəccüblənməyin. Elnurun məsələyə münasibətinə diqqət yetirək:
“Mənim “Xəzər Lənkəran”la müqaviləm var. Qışda geri qayıtmalıyam, ola bilər ki, 6 ay Lənkəranda oynadım. Amma özümü “Qəbələ”də çox yaxşı hiss edirəm. Açığını bilmək istəyirsinizsə, indi başımı itirmişəm. Özüm də bilmirəm nə olacaq. Qışa qədər gözləməli və danışıqlar aparmalıyam”.
Qeyd edək ki, Elnur intizamsızlığına görə məşqçilər korpusunun və rəhbərliyin qərarına əsasən "Xəzər Lənkəran"dan göndərilmişdi.
Futbol11.az
saytlarin hazirlanmasi