"Xəzər Lənkəran" stadionundan məhrum oldu

23:17 - 12 Dekabr 2013

Komanda süni örtüklü meydançada məşqə çıxıb
 
Premyer Liqanın XVII turu çərçivəsində dekabrın 15-də “Rəvan” klubunu qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki,  cənub təmsilçisi əlverişsiz hava şəraiti səbəbindən bu gün növbəti məşqini keçirmək üçün özünə yeni məkan tapmalı olub. 
 
Belə ki, Lənkəranda güclü qar yağdığından stadionun əsas və ehtiyat meydançası qarla örtülərək yararsız vəziyyətə düşüb. Hətta stadion əməkdaşları hər iki meydançanı qardan təmizləsələr də, güclü yağıntı vəziyyətin müsbət dəyişikliyinə mane olub. 
 
Bu səbəbdən də “ağ-yaşıllar” Lənkəran şəhərinin İnşaatçılar məhəlləsinə (RAYPO-nun yanı) yollanaraq ərazidə yerləşən idman kompleksinin süni örtüklü – qapalı meydançasında məşq etməli olub. Saat 11:00-da başlayan və bir saatdan çox davam edən hazırlıq prossesi müxtəlif toplu və topsuz çalışmalardan ibarət olub.
 
Mənbə: 12cioyuncu.info 

Xəbər xətti