Belə savadsız gedişlər yalnız Azərbaycan futbolunda ola bilər: Əvvəlcə qərar verilir, sonra müzakirəyə çıxarılır

18:23 - 12 Fevral 2014

Hər verilən qərarı 3-5 ay sonra dəyişməyin nə adı var?

 

İcraiyyə Komitəsinin son iclasında bir çox məsələlərə baxılmışdı. Onların arasında növbəti mövsüm üçün legioner limiti ilə bağlı da qərar çıxarılmışdı:

 

Topaz Premyer Liqasının 2014-2015-ci il mövsümündən başlayaraq limit 6 (legioner) + 5 (yerli) sistemi ilə tətbiq olunsun və 5 yerli futbolçudan 2-si 21 yaşadək olmalıdır.

 

(http://www.affa.az/index.php?r=1&id=18409&lang=az)

 

Bu gün AFFA rəhbərləri, millinin baş məşqçisi Berti Foqts klub məşqçiləri və klub rəsmiləri ilə görüş keçiriblər. Tədbirdə növbəti mövsüm üçün legioner limiti ilə bağlı qərar müzakirəyə çıxarılıb.

 

Artıq neçənci dəfədir ki, AFFA verdiyi qərarı dəyişmək istəyir.  Azərbaycanın futbol qurumunda futboldan çox uzaq insanların əyləşdiyi heç kimə sirr deyil. Ancaq  belə savadsız gedişlər nəinki futbol, heç bir sahədə qəbul olunmur. Sual yaranır ki, nə üçün əvvəlcə müzakirə edilib sonra qərar verilmir? Bu qərarı verməzdən əvvəl belə tədbir keçirmək olardı. Dolğun müzakirə aparıb, ciddi qərar çıxarmaq olardı. Deyəsən, AFFA-da oturanlar “qərar” sözünün mahiyyətini anlayacaq səviyyədə deyillər. İcraiyyə Komitəsi çayxana deyil ki, bu gün qərar verib sabah isə dəyişəsən!

 

Hər işi tərsinə görmək AFFA-nın baş katibi Elxan Məmmədovun iş tərzinə çevrilib artıq. Limitlə bağlı çıxarılan son qərarın ideya müəllifi Elxan Məmmədovun buna izahı varmı? Harda görülüb ki, qərar veriləndən sonra müzakirəyə çıxarılsın? Olsa da, istisna vəziyyətlərdə mümkündür. Daha hər verilən qərarı 3-5 ay sonra dəyişməyin nə adı var?

 

Emin ABBASOV

Xəbər xətti