"Mən elə futbolçu deyiləm ki, ehtiyatda qalmağımla barışım" MÜSAHİBƏ

11:50 - 13 Fevral 2014

Cavid Hüseynov: "Neftçi"də formada olduğum vaxtlarda belə əsas heyətdən kənarda qalmışam"
 
“Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynovun Sportal.az-a müsahibəsi
 
- Qış fasiləsindən sonra “Bakı” Premyer Liqanın 3-cü dövrəsinə uğurlu start verdi. İki dövrəylə müqayisədə komandanın oyunuda dəyişiklik hiss edirsən? 
- Müsbətə doğru irəliləyiş var. Qış fasiləsinə qədər çıxışımızın qeyri-stabil olması da yeni futbolçuların toplanışına gec qatılması ilə bağlı idi. İspaniya toplanışına tam heyətlə qatıldıq və məşqləri də yüksək səviyyədə keçirdik. İndi futbolçular bir-birini daha yaxşı başa düşür. Fikrimcə, komandanın oyununda müsbət dəyişikliklər var.
 
- “Bakı”nın komanda olaraq formalaşdığını söyləmək olar?
- Yüz faiz demək olmaz, hardasa 85 faiz oyununu tapıb. “Bakı” oyundan-oyuna daha da irəli gedəcək.
 
- “Rəvan”la oyunda qol vurdun, “Simurq”a qarşı da 66-cı dəqiqəyə qədər meydanda oldun. Cavid Hüseynov əvvəlki formasını yığa bilib?
- Hələ tam formada deyiləm. Futbolçu pik vəziyyətində onda olur ki, qollarını sıralayır. Digər yandan da ötürmələriylə komandasına xeyir verir. Yüz faiz hazır olduğumu desəm yalan olar. Ola bilsin əvvəlki formamın 60-70 faizini yığmışam. Hələ də öz oyunumdan razı deyiləm. Məşqlərdə əlavə çalışıram ki, formamı yığıb daha da irəli gedim. Düzdü, “Neftçi”də formada olduğum vaxtlarda belə əsas heyətdən kənarda qalmışam. Müxtəlif səbəblər üzündən ehtiyatda qaldım sonda da komandadan ayrılıdım.  
 
- “Neftçi”ni tərk edəndə elə bil futboldan getmək istəyirdin. Kimlərsədən incimişdin? 
- Futbolçu nədən inciyə bilər axı? Hardasa oynamayanda və ona şans verməyəndə. Belə olanda futbolçunu baş məşqçidən inciməyə haqqı çatır? “Neftçi” “Adanadəmirspor”da olduğum müddətdə istəyim ancaq oynamaq və komandaya xeyir vermək olub. Mən elə  futbolçu deyiləm ki, ehtiyatda qalmağımla  barışım. Belə məqamlarda baş məşqçiyə yaxınlaşaraq sözümü deyirəm. Əgər həmin komandada mənə ehtiyac yoxdursa, orada qalmaram. 
 
- Türkiyədə niyə alınmadı?        
- “Adanadəmispor”da oynayacağımı güman edirdim. Bir-iki oyunda da özümü yaxşı tərəfdən göstərə bildim. Türkiyədə maddi sıxıntı yaşadım. Orada maaşlar gecikirdi. Klubun futbolçulara borcu vardı. Mənə bəri başdan veriləcək pulu gecikdirdilər. Sabah-sabah deyərək məni aldadırdılar. Gördüm ki, klub rəhbəri verdiyə sözə əməl etmir. Ondan sonra ruhdan düşdüm və klubdan ayrılmağa qərar verdim. 5 aylıq maaşımı da olardan ala  bilmədim. Mənimki də bura qədərmiş.  
 
- Niyə məhkəməyə müraciət etmədin? 
- Ehtiyac bilmədim.
 
- Pulunun qalan hissəsini kluba halal etdin?  .
- Əlbəttə. Bu dünyada mənə borcu olanların  hamısına halallıq vermişəm. Ümumiyyətlə, mən kin saxlayan adam deyiləm. Nə etmək olar, mənim də qismətim belə gətirib. 
 
- Bir çox məşqçiləin rəhbərliyi altında futbol oynamısan. Milinko Pantiçlə çalışmaq sənin üçün çətinlik yaratmır?
- Əslində buna çətinlik deməzdim. Milinko Pantiç komandanı mövsümün əvvəlində götürdü. O, mentalitetmizə yaxından bələd deyildi. Əvvəl onun bizdən hansı futbolu istədiyini bilmirdik. İndi-indi başa düşürük. Yeni məşqçiyə də vaxt vermək lazımdı ki istədiyi komandanı formalaşdırsın. Onun iş metodunu bəyənirəm və hər gün də məşqdə nəsə bir şey öyrənirəm.
 
- Növbəti tur “Bakı”nın qarşısına daha çətin rəqib “Neftçi” çıxacaq. Yəqin ki, incikliklə ayrılıdığın sabiq komandana qarşı oyunu səbirsizliklə gözləyirsən?
- Yalnız “Neftçi”ylə deyil, bütün rəqiblərə qarşı oyuna ciddi hazırlaşırıq. “Neftçi”də oynadığım vaxtlarla müqayisədə iki-üç futbolçunu çıxmaq şərtiylə heyətdə elə də böyük dəyişiklik olmayıb. “Neftçi” əvvəlki kimi yenə də güclüdü. Heyətində təcrübəli futbolçular var. O ki qaldı, rəqibin oyuna itkilərlə çaxacağına, onda biz özümüzü aldatmış olarıq. Onların bir neçə aparıcı futbolçusu oynamasa belə ehtiyatda olanlar özlərini yaxşı tərəfdən göstərməyə çalışacaq ki, gələcəkdə əsasda yer alsınlar. Bu, heç də “Neftçi”nin zəif oynayacağına əsas vermir.  Ona görə də arxayınlaşmaq lazım deyil.  Bizim hədəfimiz qələbə qazanıb çempionluq uğrunda mübarizəni davam etdirməkdi.
 
- Qış fasiləsindən əvvəl “Bakı”nı çempionluq yarışındakı mübarizədən silənlərlər vardı. Liderlə aradakı fərqin on xala çatması onları belə düşünməyə vadar edirdi. Lakin ardıcıl iki qələbə  qazanan “Bakı” haqqında fikirləri tam dəyişdi. Səncə, komandanız cempionluq uğrunda sona qədər mübarizə apara biləcək?
- Bizi çempionluq siyahısından silənlər qoy, elə də fikirləşsinlər. Onda daha da inamlı oynayıb sonda istəyimizə çatarıq. Sözsüz ki, çempionluq hədəfinə çatmaq əvvəli illlərlə müqayisədə daha da çətindi. Artıq bütün komandalar güclənib elə dəd zəif rəqib yoxdu. Gözləmədiyin halda liderdən son pillədə gedən komandayla xal itirir. Ona görə də hər oyuna final kimi baxmaq lazım gəlir. Qarşıdakı iki dövrədə itirilən hər bir xal qızıla bərabər olacaq. Biz çalışmalıyıq ki, xal itkilərinə yol verməyək və maksimum bundan faydalanaq. Hədəfimiz çatmaq üçün bizi qarşıda çətin oyunlar gözləyir. Ona görə də kimin çempion olacağını indidən demək çətindi.                 
 
Şahin OĞUZ

Xəbər xətti