Şübhəli dəyişiklik: Fariz Yusifov Əliyar Ağayevlə niyə əvəzlənib ?

15:08 - 13 Fevral 2014

PFL hakimləri dəyişdirdi
 
Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turun oyunlarına hakim təyinatları açıqlanıb. Təyinatlar Peşəkar Futbol Liqasının rəsmi saytında da yerləşdirilib.
 
Sportal.az xəbər verir ki, hakim təyinatlarında olduqca şübhəli olay baş verib. Belə ki, əvvəlcə PFL-in rəsmi saytında  “Bakı”-“Neftçi” oyununa baş hakim kimi Fariz Yusifovun təyinat aldığı göstərilib.
 
Amma üstündən təximnən bir saat keçəndən sonra bu təyinatda dəyişiklik olub. Fariz Yusifov Əliyar Ağayevlə əvəzlənib.
 
Bu müəmmalı dəyişikliyin səbəbini araşdırmağa çalışdıq. AFFA-da çalşan şəxsin Publika.az-a verdiyi məlumata görə, dəyişiklik “Bakı” rəsmilərinin etirazından sonra baş verib.
 
Fariz Yusifov “Neftçi”nin hakimi kimi tanınır. O, “Neftçi”nin vitse-prezidenti, keçmiş hakim Tahir Süleymanovun tələbəsidi. “Bakı” rəsmiləri məhz bu amili qabardaraq Yusifovun başqa hakimlə əvəzlənməsini tələb ediblər.
 
PFL bu tələbin qarşısında duruş gətirə bilməyərək, onu Əliyar Ağayevlə əvəzləyib. Qeyd edək ki, Əliyar Ağayev də “Qarabağ”ın hakimi kimi tanınır.
Məsələyə tərəflərin də mövqeyini öyrənmək istədik. “Neftçi”nin mətbuat xidmətinin rəhəbi Gündüz Abbaszadə olaya belə reaksiya verdi: “Bizim üçün hakimin kim olmasının  fərqi yoxdur. Kim olursa olsun, ədalətli oyun idarə etsin”.
 
PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev yas yerində olduğunu və olaydan xəbərsiz olduğunu bildirdi.
 
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə telefon zənglərimizi cavabsız qoydu.
 
Bütün hallarda, onların mövqeyini dinləməyə hazırıq.
 
publika.az

Xəbər xətti