"Bu qərar müzakirəsiz və oyunun diskinə baxmadan çıxarılıb"
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev Bakı “İnter”ində çıxış edən oğlu Coşqun Diniyevə AFFA İntizam Komitəsinin kəsdiyi 9 oyunluq cəzanı şərh edib.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Lent.az-a qərarın ədalətli olmadığını deyib : “Bu qərar müzakirəsiz və oyunun diskinə baxmadan çıxarılıb. Gənc futbolçunu 9 oyun futbola həsrət qoymaq olmaz. Bəzi legionerlər bundan da betər hərəkətlərə yol verdikləri halda, xırda cəzalarla qurtulurlar. Amma gənc azərbaycanlı futbolçunu uzun müddətə kənarlaşdırırlar. Mənim qərardan şikayət etməyə hüququm yoxdur, amma güman edirəm ki, “İnter” apellyasiya verəcək”.
Qeyd edək ki, Coşqun Diniyev əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının XXI turunda “Simurq”la oyun zamanı baş vermiş davanın səbəbkarı sayılıb. Qərarda bildirilir ki, gənc futbolçu matçın 84-cü dəqiqəsində qol vurduqdan sonra rəqibin azarkeşləri olan tribunaya tərəf qaçaraq azarkeşlərə qeyri-etik jest göstərib. Bu hadisədən sonra azarkeşlər meydana daxil olub və hər iki klubun futbolçuları və azarkeşlər arasında münaqişə baş verib. İnsident aradan qaldırıldıqdan sonra oyun bərpa edilib. Diniyev dava-dalaşda iştirak etdiyinə və azarkeşlərə qarşı qeyri-etik jestinə görə sərt cəzalandırıb və “İnter” 2500 manat cərimələnib.
saytlarin hazirlanmasi