"Xəzər Lənkəran"ın futbolçusu: "Gözləməzdim, oyunun nəticəsi olmayan penalti ilə həll olunsun" MÜSAHİBƏ

22:33 - 13 Mart 2014

Silva: "Xal itkisi limitimiz tükənib"
 
Sportal.az "Xəzər Lənkəran"ın müdafiəçisi Alvaro Silvanın müsahibəsini təqdim edir:
 
- “Xəzər Lənkəran” Naxçıvandakı görüşün favoriti sayılırdı. Amma komanda səfərdən heç-heçə ilə qayıtdı...
- Favorit olduğumuzu oyunda təsdiqlədik. Sadəcə, 90 dəqiqə hücum etsək də, qol vəziyyətlərindən istifadə edə bilmədik. “Xəzər Lənkəran” duelin taleyini ilk görüşdə həll edə bilərdi. Biz üç-dörd qol vurmağa yaxın idik. Oyun zamanı üstünlük bizim tərəfimizdə oldu. Son dəqiqələrdə buraxdığımız qol, matçın heç-heçə başa çatması ilə nəticələndi. Biz qələbəyə layiq oyun sərgilədik. Ot örtüyünün pis vəziyyətdə olması da görüşə təsir etdi. Mən bəhanə axtarmıram, sadəcə, üstün olduğumuz oyunda imkanları dəyərləndirmədik.
 
- Yəqin sənin qolundan sonra nisbətən arxayınçılıq yarandı...
- Futbolda qol vurmaq hər bir futbolçunun işidir. Yaxşı ötürmə verdilər və mən şansı qaçırmadım. Sadəcə, gözləməzdim ki, oyunun nəticəsi olmayan penalti ilə həll olunsun.
 
- Deməli elə fikirləşirsən ki, penalti yox idi?
- Top mənim sinəmə dəydi. Penaltidən söhbət ola bilməz. Orada penalti yox idi. Olmayan penalti təyin olundu və rəqib hesabı bərabərləşdirdi. Üstəlik, hakim məni meydandan çıxardı. Bu qərarlar düzgün qəbul olunmadı. Təkrara da baxa bilərsiniz, orada penaltiyə səbəb heç nə yox idi.
 
- Demək olar ki, Lənkərandakı cavab görüşü fərqli olacaq?
- Lənkəranda biz hər bir fürsəti dəyərləndirməyə çalışacağıq. Fikrimiz Azərbaycan Kubokunda mümkün qədər irəli getməkdir. Buna görə “Araz Naxçıvan”la görüşdə yalnız qələbə barədə düşünəcəyik. Səfərdə vurulan qol da bizə əlavə üstünlük verir. 
 
- “Araz Naxçıvan” birinci divizionun liderlərindəndir. Bu komanda haqda nə fikirdəsən? Ola bilər, yeni mövsümdə Premyer Liqada oynasınlar...
- “Araz Naxçıvan” birinci divizionun güclü klublarından biridir. “Xəzər Lənkəran” isə Premyer Liqanın güclü komandaları sırasındadır. Rəqibə hörmətlə yanaşırıq. Amma səviyyə fərqi var idi. Sadəcə, rəqib futbolçularında gördüyüm əzmkarlıq məni sevindirdi. Onlar sona qədər mübarizə apardı. “Xəzər Lənkəran”ı dayandırmaq üçün sona qədər mübarizə apardılar.
 
- Əgər “Araz Naxçıvan” sizi kubokdan kənarlaşdırsa, bunu “Xəzər Lənkəran” üçün faciə saymaq olar?
- İlk olaraq qeyd edim ki, biz qələbəyə inanırıq. Məğlubiyyət barədə düşünmürük. İlk oyun göstərdi ki, “Xəzər Lənkəran” rəqibdən güclüdür. Sadəcə, meydana çıxaraq, oyunda bunu göstərmək lazımdır. Onlar bizi kubokdan kənarlaşdıra bilməyəcək. Ümumiyyətlə, futboldakı nəticələri faciə ilə müqayisə etmək, düzgün olmazdı. Yarımfinala çıxa bilməsək, çox üzülərəm.
 
- Premyer Liqada növbəti rəqib “Sumqayıt” olacaq. Son turlar xal itirməyiniz “Sumqayıt”a qarşı oyuna hazırlaşmaqda çətinlik yarada bilər?
- “Sumqayıt”a qarşı ciddi yanaşmaq lazımdır. Gücümüzə inanaraq, qələbəyə oynayacağıq. Demək olmaz ki, asan görüş olacaq. “Sumqayıt”ın turnir cədvəlinin aşağı pillələrində qərarlaşması bizi düşündürməməlidir. Xal itkisi limitimiz tükənib. Liderlərə yaxınlaşmaq üçün xal vacibdir. “Xəzər Lənkəran” “Sumqayıt”la oyunda qələbə seriyasına başlamalıdır. 
 
azerisport.com

Xəbər xətti