Mbilla son 4 mövsümün ən yaxşısıdır

12:32 - 7 Aprel 2014

"Xəzər Lənkəran" 2014-cü ildə ilk ev qələbəsi
 
“Xəzər Lənkəran” 2014-cü ildə ilk ev qələbəsini qazandı.
 
Sportal.az xəbər verir ki, ötən il dekabrın 20-də “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub etdikdən sonra öz meydanında 4 qarşılaşmaya çıxmış komanda həmin görüşlərdə qalib gələ bilməmişdi.
 
Bu il “Neftçi” (2:2) və “İnter”lə heç-heçə (1:1) etmiş, “Bakı”ya 0:2, “Simurq”a 1:3 hesabı ilə məğlub olmuş Mustafa Dənizlinin yetirmələri 106 gündən sonra doğma meydanda 3 xal əldə etdi.
 
4 oyunluq qələbə həsrətinə son qoyan “Xəzər Lənkəran” cari mövsüm imza atdığı klub tarixinin antirekordunu təkrarladıqdan sonra onun yenilənməsinə imkan vermədi. Komanda ötən ilin sentyabr-dekabr aylarında da ardıcıl 4 ev oyununda qalib gəlməmişdi.
 
Uğursuz seriyaya Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” ilə oyunundakı 1:0 hesablı qələbə ilə son qoyan “Xəzər Lənkəran” Etame Mbilla qolu ilə qalib gəldi. Kamerunlu futbolçu bununla da cari mövsüm Premyer Liqada vurduğu qolların sayını 9-a çatdırdı. Etamenin göstəricisi son 4 ildə “Xəzər Lənkəran”ın heyətində ən yüksək məhsuldarlıqdır. Sonuncu dəfə komandada 9 və daha çox qol vurmuş oyunçusu buna 2009/10 mövsümündə nail olmuşdu.
 
Bütün yarışları nəzərə almaqla, Mbilla hazırkı mövsümdə 13 qolun müəllifidir.

Xəbər xətti