Mişel Platini: "Belə qalmaqallar yalnız soyuq münasibətdə olan ölkələr arasında baş verir"
AÇ-2016-nın seçmə qrup mərhələsində Serbiya - Albaniya milli komandalarının matçında baş verən hadisələrlə bağlı UEFA İntizam Komitəsi araşdırma aparır.
Sportal.az xəbər verir ki, Avropa futbol qurumunun rəsmiləri yarımçiq qalan qalmaqallı oyunla bağlı yekun qərarı oktyabrın 23-də açıqlayacaq. UEFA-nın dünyanın diqqət mərkəzində olan oyunla bağlı hansı qərarı qəbul edəcəyi maraqla gözlənilir. UEFA prezidenti Mişel Platini isə məsələyə belə münasibət bildirib:
“Bu cür hadisələrin baş verməsinin əleyhinəyəm. Bu nə futbola nə də ölkənin adına xeyr gətirər. Birdən azarkeşin mini helikopterlə meydana göndərdiyi bayraq deyil, bomba olaydı onda necə olardı? Belə qalmaqallar yalnız soyuq münasibətdə olan ölkələr arasında baş verir. Məsələ ciddi araşdırıldıqdan sonra yarımçıq qalan oyunla bağlı qərar veriləcək.
Qeyd edək ki, Serbiya – Albaniya matçının 44-cü dəqiqəsində pultla idarə olunan mini helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı meydançaya endirilib. Bundan sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunun yarımçıq dayandırıb.
saytlarin hazirlanmasi