"Bir qələbə Gürcüstan futbolunun taleyini həll etmir"
Gürcüstan milli komandasının baş məşqçisi Kaxaber Tsxadadze AVRO-2016-nın seçmə qrup matçında Şotlandiya yığması üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edib.
Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis britaniyalıların qol vurmaq üçün heç bir real şansının olmadığını bildirib.
Onun fikrincə, oyunun sonlarında qonaqların irəli atılmaları məğlubiyyətdən yaxa qurtarmaq istəyi ilə əlaqədar olub: "Bu da normal haldır: Uduzan hücum edir, qalib tərəf isə müvafiq olaraq, müdafiəyə çəkilir".
K.Tsxadadze bildirib ki, belə oyunlar seriyasını davam etdirmək lazımdır: "Bir qələbə Gürcüstan futbolunun taleyini həll etmir. Oyunçularımın eyforiyaya qapılmalarını istəmirəm. Sentyabrın 7-də İrlandiya ilə daha çətin görüşümüz olacaq. Qarşıdakı oyuna köklənməliyik. İşimizə peşəkarcasına yanaşsaq, bir qələbəni tam bir ay boyunca qeyd etməsək, real nəticəmiz olacaq".
Qeyd edək ki, Şotlandiya ilə görüşdə Kaxaber Tsxadadze Gürcüstan millisinin baş məşqçisi qismində rəsmi oyunlarda ilk qələbəsini qazanıb. Onun start heyətində yer verdiyi 11 futbolçudan 10-u xarici klublarda çıxış edənlərdən ibarət olub. Yalnız vaxtilə K.Tsxadadzenin rəhbərliyi altında Bakı "İnter"ində çıxış etmiş Georgi Navalovski hazırda yerli "Dila" komandasında forma geyinir. Qori təmsilçisi isə ötən mövsüm Gürcüstan çempionu olub. (Report)
saytlarin hazirlanmasi