"Bizdə futbolçu yetişmir" bəhanəsinə sığınanlara inanmayın
Röya Ayxan oxuyanda bilirdim bunun nəsə bir zibili çıxacaq. Axı, tanınan müğənnimiz hər toya getmir. Açılış mərasimində o oxudusa Bakı Olimpiya Stadionunda çoxdan planlaşdırılan toy mərasimi baş tutmalıydı. Oxudu, Portuqaliya millisi də bizimkilərə toy tutdu. Toy nədi? U-17 üçün 18+ oldu.
Avropa çempionatının açılış mərasimi dəbdəbəli olmadı. Görünür, başımız daşdan-daşa dəyib və belə daha yaxşı idi. Ölkə başçısının xanımı və nəvələri ilə Azərbaycan və Portuqaliya 17 yaşlılarının oyununa gəlməsi özü elə önəmli hadisə sayılmalıdı. Bu qədər problemin içində, hər an müharibənin alovlanma təhlükəsi olduğu bir zamanda yolunu stadiondan salmaq böyük jest idi.
Ancaq prezident uzun fasilədən sonra milli komandamızı canlı izlədiyi üçün yəqin ki, sevinmədi. 40 dəqiqəyə vurulan 3 qol hamı kimi, yəqin onu da məyus etdi. Bir hissəyə tamaşa edib getdi, darmadağının davamını izləməyə səbri çatmadı.
Ölkə başçısı öz gözləri ilə futbolumuzun hansı vəziyyətdə olduğunu, sabahımızın etibarlı əllərə verilmədiyini gördü. Yəqin bircə ona sevindi ki, nə yaxşı növbəti dövlət proqramını imzalamayıb. Axı 2005-2015ci illəri əhatə edən, milyonların sərf olunduğu dövlət proqramının icrasından sonra futbolumuz bu səviyyədə olmamalıydı.
İlk dövlət proqramı imzalanarkən dünən meydana çıxan uşaqların 6 yaşı var idi. Prinsipcə, uşaqlar futbola elə bu yaşda başlayır və ayrılan vəsait imkan verirdi ki, daha sağlam, daha güclü nəsil 10 il ərzində yetişsin. Amma bizim futbol funksionerləri nə etdi? Vədə tamam olanda gördükləri işin faydasız olduğunu görüncə, millimizi türkiyəlilərin hesabına gücləndirdi. 0:5 hesabı “gücləndirdi” deməyə əsas vermədiyindən bunu “say düzəltmək” adlandıraq. Hətta final mərhələsində oynatmağa 11 normal futbolçu tapa bilmədik və 6 milliləşənə qucaq açdıq.
Bəs, bizim məmurlar bu 10 ildə nə edib? Lütfən, baş məşqçi Təbriz Həsənovun mətbuat konfransında dediklərini fərqli yozmayın. O, düz deyir – alternativ yoxdu, ən güclüləri seçib. Ən güclülərimiz isə oyun ərzində qapıya bir sanballı zərbə vurmağa belə imkan tapmır. Deməli, dövlət proqramının icrası fiaskodu.
Uşaq liqaları başdansovdu təşkil olunur, savadlı mütəxəssislərimiz yoxdu, lazımi ehtiyat qüvvə hazırlanmayıb. “Neftçi”, “İnter”, “Qəbələ” 1-2 nəfər yetişdirib, onların səviyyəsi isə yalnız Azərbaycan çempionatı üçün yetərlidi. Bəs, hanı milli komandalarımızın bazası rolunu oynayan “Sumqayıt”? AFFA-nın körpəsi olan bu komandaya vəsait məhz bu missiya üçün ayrılır, onlar isə milliləşənləri ölkə futboluna calamaq üçün platsdarmdı. Halbuki 10 ilə nələr etmək olmazdı ki?..
“Bizdə futbolçu yetişmir” bəhanəsinə sığınanlara inanmayın. Hər şey mümkündü. SSRİ kubokunun son sahibi Vəli Qasımov, Rusiya çempionu Nazim Süleymanov, bu yaşda Avropa və dünya çempionları – Arif Əsədov, Tərlan Əhmədov, Vladislav Qədirov, Vyaçeslav Lemiş bu ölkədən çıxıb. Sadəcə, işləmək, çalışmaq lazımdı. O məntiqlə güləş ölkəsi kimi tanınan Azərbaycanda hamı bu idman növü ilə məşğul olmalıdı, amma millimizin heyəti dağıstanlılardan qurulub. Deməli, bütün idman sahələrində məmurlar asan yolu seçib. Heç kim idmançı yetişdirmir, dövlətin pulunu havaya sovurub əcnəbi gətirməklə nəticə verir.
Ayılın, dostlar. Əlimizi daşın altına qoyub işləməyimiz lazımdı. İnsan kapitalına qiymət verin, qara işlər 40 günə olmasa da, 10 ilə üzə çıxır...
Fərid / Futbolinfo.az
saytlarin hazirlanmasi