Yoldaşlıq oyunlarına görə hər hansı komandaya qiymət vermək doğru deyil. Lakin iş olan yerdə nəticələrdən asılı olmayaraq, komandanın oyununda nə isə gözə dəyməlidir. Elxan Abdullayevin komandasında isə yoldaşlıq matçlarında da heç nə görünmürdü. Daha doğrusu görünürdü, görünürdü ki, heç nə yoxdur!
Futbolu bir az dərin bilən mütəxəssislər hələ əvvəldən deyirdilər ki, “Neftçi”ni faciə gözləyir. Elxan Abdullayevin mükafatçılar sırasına düşmək iddiası avantüradan başqa bir şey deyildi. Əslində, bunu anlamaq üçün heç dərin futbol bilicisi olmağa ehtiyac da yox idi. Axı, “görünən kəndə bələdçi lazım deyil”. Bir tərəfdən rəhbərliyi də anlamaq olar ki, hər halda Elxan Abdullayevi yoldaşlıq matçlarındakı nəticələrə görə istefaya göndərə bilməzdilər. Lakin digər tərəfdən baxanda, Elxan Abdullayev və onun partnyorları Petrov, Dreksa, Barqas, Seqovia kimi legionerləri “Neftçi”yə sırıyanda Orxan Hüseynzadə hara baxırdı? Stoper mövqeyinə Petrov və Dreksa, hücumçu mövqeyinə isə Barqas və Seqovia kimi iki “ölü” futbolçu əvəzinə, hər mövqeyə bir normal legioner gətirmək olardı...
Ən pisi odur ki, ssenari yenə təkrarlanır. Yadınızdadırsa, Elxan Abdullayev “Neftçi”nin sükanı arxasına yeni keçəndə, komandanın fiziki cəhətdən normal hazırlıq keçmədiyini, “Neftçi”nin ayağa qalxması üçün zamana ehtiyac olduğunu demişdi. İndi isə Elşad Əhmədov da eyni “havanı çalır”. “Kəpəz”lə heç-heçədən sonra mütəxəssis bunları deyib:
“Uşaqlar 60 dəqiqə oynamaq gücündədirlər. Məncə, fiziki baxımdan problemlər var. Heç bir komandanı 3 günə düzəltmək olmaz. “Neftçi”ni 6-9 aya yaxşı komandaya çevirmək olar”.
Elşad Əhmədov geniş auditoriyaya tanış adam deyil və onun məşqçi keyfiyyətləri barədə danışmaq çətindir. Bəlkə də 6-9 aya düzəldə bilər “Neftçi”ni, bəlkə də yox. Məsələ burasındadır ki, ölkənin ən köklü klubu Elnur Məmmədov, Orxan Hüseynzadə kimilər üçün sınaq poliqonu deyil ki, hər il yeni bir eksperiment həyata keçirsinlər. Növbəti avantüraya getmək olmaz!
Çox çətin durumdadı “Neftçi”. 3 tura cəmi 1 xal. “Qarabağ”ı bir kənara qoyaq. Amma “Səbail” və “Kəpəz”dən cəmi 1 xal ala bilən “Neftçi” ilk dövrəni hansı yerdə bitirməyi düşünür? Birinci dövrədə “Qəbələ”, “İnter”, “Zirə” və “Sumqayıt”la matçları qalıb “ağ-qara”ların. Bu oyunla ən yaxşı halda 2 xal. Futboldan anlayışı olan mütəxəssis riskə gedib daha çox xal deməyi üzərinə götürməz heç vaxt. Ümumiyyətlə, qışa qədər “Neftçi”dən ciddi dəyişikliklər gözləmək real deyil. Qışdan sonra isə bilirsiz nə olacaq? Ötən mövsümün təkrarı. İlk iki dövrəylə müqayisədə daha çox xal toplayacaqlar, ancaq yekun nəticədə 6 və ya 7-ci olacaqlar. Komandanın başında hansı məşqçi olacaqsa, çıxıb deyəcək ki, mənə gələn mövsüm də şans verməlisiniz. Çünki mövsümün ilk yarısında xal itkisi çox olmuşdu..
Elşad Əhmədovla yürüməyəcək bu iş. “Neftçi”yə elə adam gəlməlidir ki, “geydirmə” transferlərin qabağı alınsın, artıq adamlar klubdan uzaqlaşdırılsın, büdcə şəffaf xərclənsin! Sual yarana bilər ki, kim? Bu suala cavabı da mətbuat tapacaqsa, Orxan Hüseyzadəyə aylıq 10-15 min manat məvacib nəyə görə verilir?
Sportal.az
saytlarin hazirlanmasi