Rəşad Sadıqov: "Prezidentin mənimlə danışığını dünyalara dəyişmərəm"

22:49 - 26 Avqust 2017

Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə “Qəbələ”ni məğlub edən (2:1) "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, kapitan qarşılaşmanın çox gərgin keçdiyni deyib:

 

- Çətin qarşılaşma oldu. Bu oyunda qələbə qazanmaq bizim üçün çox vacib idi.

 

- Ölkə başçısı “Qarabağ”ı qəbul edən zaman sizinlə maraqlı dialoqu oldu. O, sizə karyeranızı davam etməyi məsləhət gördü. Bu barədə nə söyləyə bilərsiniz?
- Dövlət başçısının haqqımda dediyi sözlər çox xoş oldu. Həmin anda keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Ondan eşitdiyim sözləri milyonlara dəyişmərəm. Çempionlar Liqasının qrup mərhələsindən sonra bəlkə də bu haqda düşünəcəkdim. Prezidentimiz sanki fikrimi oxumuşdu. Belə bir anda bu cür sözlər deməsi çox xoş oldu. Baxaq, görək necə olacaq. Əlimdən gələni edəcəm.

 

- Siz həm də “Qarabağ”ın U-19 komandasının baş məşqçisi kimi UEFA Gənclər Liqasında mübarizə aparacaqsız...
- Çox maraqlı vəziyyət yaranıb. Yayda nə qədər işlədiyimi heç kim bilmir. Ötənilki heyətdən cəmi 3 futbolçu komandaya kömək edəcək. Transfer çalışmalarına diqqət yetirdik. “Neftçi” və “İnter” rəhbərliyinə bir neçə futbolçunun keçidinə şərait yaratdığına görə təşəkkür edirəm. Heyətə legioner də dəvət etməyi düşünürük. İstəyirik ki, yaxşı çıxış edək. İş elə gətirdi ki, 3 ildi keçirilən bu yarışın iki dəfə qalibi olmuş “Çelsi” ilə başlayacağıq. Uşaqlar üçün yaxşı təcrübə olacaq. Əksəriyyəti millimizin üzvüdü. İki aydan sonra onlar da seçmə mərhələdə çıxış edəcəklər. “Qarabağ”ı yaxşı təmsil etmək üçün çalışacağıq. Qaldı əsas komandanın yer aldığı qrupa, bizim üçün bayram olacaq. Başqa qrupa da düşə bilərdik. Amma 3 böyük klubla bir qrupda yer almağımız Qarabağımızı tanıtmaq üçün, ölkəmizdən danışılması üçün gözəl imkandı. Qrup mərhələsinə düşməyimizi elə də şişirtmirik. Neçə ildi buna doğru irəliəyirdik. Bu gün də meydanda 90 dəqiqə mübarizə aparan komanda gördünüz. O cür oyundan sonra bugünkü matça köklənmək asan deyildi. Bəzi futbolçular dincəldi, bir qismimiz millinin düşərgəsinə gedəcəyik. Millinin də 2 vacib oyunu var. Bundan sonra Çempionlar Liqası haqda düşünəcəyik.

 

- Azarkeş sizi tribunaya dəvət edib nə dedi?
- Oyunun sonlarında rəqib komandanın azarkeşlərindən biri məni çağırdı və dedi ki, Çempionlar Liqasında sizi sona qədər dəstəkləyirik. Rəqib komanda azarkeşindən bunu eşitmək çox yaxşıdır. Mən də ona təşəkkürümü bildirdim.

Xəbər xətti