Bu il ilk dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın baş meneceri Asif Əsgərov müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir.
- Bütün Azərbaycan ilk idi. Burada iştirak etmək qürur hissi idi. Bildiyiniz kimi, Avropa Liqasında qrup mərhələsində iştirak etmişdik. Bu tədbirin ab-havası tam başqa idi. Avropanın ən güclü komandaları burada çıxış edir. Hava Limanına çatanda hiss etdim ki, Çempionlar Liqasındayıq. Hər klubun nümayəndəsi üçün xüsusi maşın və qarşılanma təşkil etmişdilər.
- Debütant kluba münasibət necə idi?
- Bizim burada tanış rəqiblərimiz var idi. “Borussiya”nın idman direktoru ilə söhbət etdik. Həmçinin “Monako” və “Anderlext” nümayəndələri ilə də fikir mübadiləsi apardıq. Futbol doğurdan da bir top ətrafında bizi birləşdirir.
- Püşkatma zamanı “Qarabağ”ın rəqibləri bəlli olanda sizin gülümsəməyiniz çoxlarına qəribə gəldi...
- Orada səni çəkəndə xəbərin olmur. Hər şey yüksək səviyyədədir. Komandaları elektron löhvədə görürsən. Xüsusi bir şey yox idi. Hansısa qrupa düşməyi fikirləşmirdim. Debütant komanda kimi təmsil olunurduq. Avropanın ən güclü kollektivləri ilə eyni qrupdayıq. TOP-5 öllkənin komandaları ilıoynamaq qürürvericidir.
- Rəqiblərinizin nümayəndələri ilə söhbət etdinizmi?
- Əlbəttə... Avropa Liqasının püşkatmasına qədər tədbir davam etdi. UEFA klub nümayəndələri ilə toplantı keçirtdi. Dəyişikliklər bardə bizə məlumat verildi. Yenilikləri diqqətimizə çatdırdılar. Debütant komandalar – “Qarabağ”, “Leyptsiq”, və uzun müddət ÇL-dən kənarda qalan “Spartak”, “Maribor” nümayəndələri ilə isə ayrıca toplantı keçirildi. Qanun-qaydaları bizə söylədilər. Təhlükəsizlik məsələləri ön planda dayanır. Mətbuatın da dəstəyi lazımdır. Azarkeşlərdən oyunda bir az erkən gəlməsini xahiş etmək lazımdır. Bəzən matça 10-15 dəqiqə qalmış gəlirlər və böyük sıxlıq baş verir. Bunun da qarşısını almaq lazımdır. Biletlə bağlı müəyyən işlər də görürük ki, bunu da gələcəkdə açıqlayacağıq.
- UEFA biletlərin qiymətinə hansısa tələb qoyub?
- Hər ölkənin öz reallıqları var. Biz ilk olaraq azarkeşləri nəzərə alırıq. Bəzi nüanslar var. Məsələn, “Çelsi” ilə səfər matçında bizim azarkeşlər üçün bir biletin qiyməti 50 funt təşkil edir. Bu da bizim pulla 130 manat edir. Əlbəttə, bunun qarşılığında bizim rəqibə 1 manatlıq bilet təklif etməyimiz də düzgün olmaz. Ancaq öz azarkeşlərimizə 5, rəqibə isə 100 manata bilet satmağımızı UEFA qəbul etməz. Qiymətlər təsnifat mərhələsindəkindən fərqlənəcək. Ancaq azarkeşləri düşünəcəyik.
- Onlayn bilet satışı mövcud olacaq?
- Hər kəsin öz fikri var. Ancaq klubun da öz siyasəti var. Çalışmışıq ki, hər şeyin ən yaxşısını edək. Hər zaman da nəticəsini görürük. Bu barədə sizə bilgi verəcəyik. Üzərində çalışırıq. Bakı şəhər polis idarəsi ilə də danışmışıq. “Çelsi”nin matçına ən azı min nəfər azarkeş gələcək. Təhlükəsizlik məsələlərində diqqətli olmaq lazımdır. Rəqibə 5 faiz stadionda azarkeş yeri ayırmaq vacibdir. Rəqiblərə qarşı hörmətlə yanaşmaq lazımdır. Burada sizin də dəstəyinizə ehtiyac duyuruq. “Kopenhagen” klubu “facebook” səhifəsinə Azərbaycandan girişi qadağan etdi. Bu da çox utancverici hissdir. Biz öz mədəniyyətimizi başqa cür nümayiş etdirməliyik. Avropaya öz futbolumuzu, “Qarabağ” klubunun adını öz futbolumuzla tanıdırıq. Azarkeşlərin hansısa təhqirlərinə görə rəqibi məğlub etmirik. Bu nalayiq ifadələr, söyüşlər Azərbaycanın adını aşağı edir. Olmadığımız kimi rəqiblərə görünürük. Mətbuatdan da xahiş edirəm ki, bu yöndə bizə dəstək olsun. “Kopenhagen” rəsmiləri bizə bildirdi ki, indiyə qədər belə halla rastlaşmayıblar. Azərbaycanlı azarkeşlər bütün paylaşımlara ürəkləri istəyən qədər təhqir və digər aşağılayıcı şərhlər yazırdı. Bu səbəbdən Azərbaycanı məcbur olub “qara siyahı”ya salıblar.
- “Qarabağ” təşkilatçılıq işlərinin öhdəsindən necə gələcək?
- 3 il əvvəl ilk dəfə Avropa Liqasının qrupuna vəsiqə qazananda çatışmayan cəhətlər var idi. Ötən il isə bu baxımdan çətinliklə üzləşmədik. Demirəm ki, tam peşəkarıq, səhvlərimiz də olub. Elədiyimiz səhvləri düzəltməyə çalışırıq. Çempionlar Liqası tam fərqli turnirdir. UEFA-nın burada fərqli tələbləri var. Hər bir sahədə nümayəndələr göndərirlər və biz də onları razı salmalıyıq. Bu işə hər kəs özəl yanaşmalıdır. Səhvlərimiz olacaq, amma UEFA qarşısında öhdəliklərimizi maksimum şəkildə görməyə çalışacağıq. (futbol11.az)
saytlarin hazirlanmasi