Kintana: "Qurban Qurbanov bu qədər fədakarlıq etdiyi üçün böyük uğurlar qazanır" MÜSAHİBƏ

10:01 - 29 Avqust 2017

Ölkəmizi Çempionar Liqasının qrup mərhələsində təmsil edəcək "Qarabağ"ın ispaniyalı futbolçusu Dani Kintana ölkəsinin mətbuatına müsahibə verib.

 

Sportal.az müsahibəni diqqətinizə çatdırır:

 

- "Qarabağ"a keçidini necə xatırlayırsan?

- "Yagelloniya"dan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanına, "Əl-Əhli" klubuna üz tutmuşdum. Orada qısa müddət oynadıqdan sonra "Qarabağ"dan təklif aldım və təklifi dəyərləndirmək qərarına gəldim. Azərbaycanda ilk günlər mənim üçün çətin keçdi, çünki 6 ay futbol oynaya bilmədim (FİFA qaydalarına görə, futbolçu il ərzində 3 komandanın formasını geyinə bilməz - red). Amma komanda yoldaşlarımın və baş məşqçimizin köməkliyi ilə bu müddəti arxada qoydum. Bundan sonra mənim üçün hər şey asan idi.

 

- "Qarabağ"dan başqa hansı klublardan təklif almışdın?

- Əlbəttə, təkliflər var idi. Amma mən düzgün qərar verməli, uzun müddət oynaya biləcəyim bir yerə üz tutmalı idim. Düşünürəm ki, düzgün qərar qəbul etmişəm. Çünki "Qarabağ"ın məqsədi və layihələri var. Bütün bunlara nəzər yetirdikdən sonra qərar verdim.

 

- Bildiyimiz kimi, Azərbaycan və Avropa mədəniyyətində fərq var. Bu baxımdan problem yaşamadın?

- Əvvəllər Səudiyyə Ərəbistanında olduğum üçün problem yaşamadım. Bidlyiniz kimi, mən çox sadə insanam. Fikrimcə, buna görə məndə hər şey yaxşı alındı və ölkəyə tez bir zamanda uyğunlaşmağı bacardım.

 

- Klubdakı ilk illərini necə xatırlayırsan?

- Komandadakı ilk ilim çox yaxşı keçdi, mövsümün yekunlarına əsasən çempion olduq. Amma ikinci mövsüm üçün eyni sözləri deyə bilməyəcəm. Çünki mövsümün ikinci yarısı mənim üçün çox uğursuz alındı, dizimdən ciddi zədə aldım. Hələ də həmin zədəni bərpa etməklə məşğulam. Ümid edirəm ki, yaxın vaxtlarda formamı əvvəlki vəziyyətinə qaytaracaam.

 

- "Qarabağ"ın təmsil etdiyi Ağdam şəhəri 24 ildir ki, işğal olunub, komanda ev oyunlarını Bakıda keçirir. Yad şəhərin azarkeşlərinin komandaya olan münasibəti necədir?

- Azarkeş baxımından problemimiz yoxdur. Avrokuboklarda Azərbaycan xalqının ürəyi bizimlə döyünür, onlar stadionda bizimlə birgə olurlar. Azərbaycan xalqı, komanda və biz Qarabağın adının Avropa səviyyəsində eşidilməsindən məmnunuq.

 

- Ağdama getmək və klubun şəhərdə yerləşən stadionunu görmək imkanınız olub?

- Xeyr, o bölgəni ziyarət etmək imkanım olmayıb. Təhlükəli olduğu üçün bizim Ağdama getməyimiz məsləhət görülmür.

 

- Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağınızı gözləyirdin?

- Klub əhəmiyyətli uğura imza atmaq üçün uzun illər çalışıb. Şübhəsiz ki, bu mərhələyə qədər yüksəlmək çətin idi. Nəhayət ki, istədiyimizə çatdıq, qarşımıza qoyulan hədəfi tamamladıq. İnsanlar "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsini böyük coşqu ilə qarşıladılar.

 

- Qrup mərhələsindəki rəqiblər haqda nə düşünürsən? Çətin olmayacaq?

- Bu mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik. Güclü, Avropanın brend komandalarına qarşı oynamaq bizim üçün böyük təcrübə olacaq. Şübhəsiz ki, bizim üçün asan olmayacaq. Amma rəqabət aparmaq üçün bütün gücümüzü ortaya qoyacağıq və qrupda başıyuxarı olmağa çalışacağıq.

 

- Azərbaycan Premyer Liqasının digər ölkələrin çempionatlarından fərqi nədir?

- Çempionatda 8 komanda mübarizə aparır və onlar mövsüm ərzində 4 dəfə üz-üzə gəlirlər. Məncə, bu, çempionatın ən zəif cəhətidir. Amma çempionatda çoxlarını təəccübləndirə biləcək komandalar var. Hətta Avropa Liqasının qrup mərhələsində mübariə aparmış komandamız da mövcuddur.

 

- Nəhayət, uzun müddətdir komandanın baş məşqçisi vəzifəsində çalışan Qurban Qurbanov haqda danışmağını istərdim...

- Qurban Qurbanov aydın fikirləri olan, futbolçunun fikirlərini oxuyan baş məşqçidir. O, nəyi necə edəcəyini çox yaxşı bilir. Onun əsəbi vəziyyətdə görmək çox çətindir. Şəxsən mən hesab edirəm ki, o, uzun müddət klubda çalışdığı üçün, bu qədər fədakarlıq etdiyi üçün böyük uğurlar qazanır.

Xəbər xətti