DÇ-2018-in seçmə mərhələsində keçirilən Azərbaycan – San Marino (5:1) matçından sonar yığmamızın hücumçusu Əfran İsmayılov jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az saytı həmin müsahibəni təqdim edir:
- Səfər məğlubiyyətindən sonra böyükhesablı qələbəyə sevinmək çətin olmadı?
- Çox çətin idi, çünki Norveç səfərindən sonra bu oyuna hazırlaşmaq üçün cəmi 2 gün vaxtımız qalmışdı. Buna görə də çətin olacağını düşünürdük. Üstəlik, azarkeşlərimiz bizdən ancaq qələbə gözləyirdi. Biz də qələbə qazanmaq və xal ehtiyatımızı rekord saya yüksəltmək istəyirdik. Bu qədər qol vuracağımızı isə gözləmirdik. Həqiqətən də futbolumuz inkişaf edir və bunda hazırkı baş məşqçimizin də zəhməti var.
- Seçmə mərhələ çərçivəsində doğma meydanda son rəqibimiz Çexiya yığması olacaq. Bu oyunda hansı nəticəyə ümid etmək olar?
- 5:1 hesablı qələbəni artıq unutmuşuq. Çexiya ilə oyunumuz ağır keçəcək. Onlar Avropada seçilən komandalardandı. Ancaq Bakıda qarşılaşacağıq bu rəqiblə. Azarkeşlərimiz San Marino ilə qarşılaşmadan sonra bizdən daha çox şey istəyəcəklər. Biz də onların ümidini, istəklərini doğrultmaq üçün çalışacağıq.
- Çoxdan idi sizi belə istəkli və məhsuldar oyun nümayiş etdirən görmürdük. Ola bilərmi, bu, son oyunlarda zəif çıxış etdiyinizə və tənqid olduğunuza görə azarkeşlərə barışıq elan etmək istəyinizdən irəli gəlib?
- Heç vaxt azarkeşlərlə dava eləməmişəm. Onlar mənimlə dalaşırlar. Ümumi götürdükdə, bu, xalqımızın qələbəsidi və onlara həsr edirik.
- Norveçlə oyundan sonra millinin ünvanına tənqidlər çoxaldı. Millinin həmin oyunda gözləniləndən zəif çıxış etməsinin səbəbi nə idi?
- Həqiqətən həmin oyuna çox “boş” çıxmışdıq. Baş məşqçimiz də dedi ki, bizim günümüz deyil. Bunun ağrısını yaşadıq. San Marino ilə oyundakı qələbədə isə baş məşqçinin əməyi danılmazdı. İki gün ərzində komandanı toparlaya bildi. Dedi ki, siz heç vaxt rəqiblərə bu cür zəif oyunla uduzmamısınız. Öz oyununuzu oynamalısınız. Bu gün həqiqətən də çox istəkli idik.
- Milli üçüncü pilləyə yüksəldi. Seçmə mərhələnin sonunda bu mövqeyimizi qorumaq mümkün olacaqmı?
- Əlbəttə, mümkündü. Yenə deyirəm, bu qələbədən sonra bizdən gözləntilər çoxdu. Çexiya ilə oyunda həmin gözləntiləri reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik.
saytlarin hazirlanmasi