"Zirə"nin FP-si: "Əjdahalar"a "əlcək atan" adam YAZI

17:02 - 15 Sentyabr 2017

“Zirə”nin ötəngünkü təyinatları gözlənilən idi. Sadəcə, klub rəhbərliyi “kölgə”dən çıxmağı qərara alıb. Axşam saatlarında “qartallar”ın “facebook” səhifisəndə klubun fəxri prezidenti Orxan Məmmədovun şəklinin görünməsi də təsadüfi deyil.

 

Qısa araşdırmalarımız Məmmədovun “Zirə” üçün hansı həcmli fiqur olduğunu ortaya qoydu. 

 

Klubun yaradıcısı olan O.Məmmədov üzdə olmağı istəməyib və “Zirə”ni sanki “başsız atlı” kimi görünməsinin tərəfdarı olub. 3 il ərzində I Diviziondan elitaya, daha sonra isə gümüş medallaradək irəliləyən komandanın cari mövsüm Avropa Liqasında debüt etməsində “gizli qəhrəman” obrazını formalaşdıran Məmmədov yalnız indi üzə çıxdı. Özü də yenə də arxa planda, fəxri prezident (FP) adı altında.

 

Mətbuatla ünsiyyət qurmaqda maraqlı olmayan FP-nin niyə məhz indi üzə çıxmasını sübutla deyə bilmərik. Ancaq fakt faktlığında qalır ki, “Zirə”nin yaradıcısı olan bu gəncin futbol səhnəsindəki ilk addımlarına bir çox klub rəhbərləri həsəd apara bilər. İstər “Xəzər Lənkəran”ın FP-si Mübariz Mənsimov olsun, istərsə də “Böyük Bakı” layihəsinin ideya müəllifi Hafiz Məmmədov. Lənkəran təmsilçisinin avrokuboklarda ilk qələbəsini görənədək Mənsimov qocaldı. Məmmədova gəlincə, bu iş adamının niyyəti dürüst olsa da, komandasında daim nadürüstlər peyda oldu. 

 

Orxan Məmmədova gəlincə “Zirə”nin əksər oyunlarını tribunadan izləyən FP hələ ki, kadr seçimində yanlışlığa yol verməyib. Aydın məsələdir ki, Azərbaycanda məhz bu amil futbol klubunun formalaşmasında həlledici rol oynayır. Çünki klub rəhbərləri nadir hallarda daxili “mətbəx”ə baş vururlar. Məhz kadr seçimi yekun nəticənin formalaşmasını şərtləndirir. “Zirə”nin isə tək daxili arenada deyil, elə avrokuboklardakı debüt mövsümündə də ölkənin klub reytinqini zənginləşdirməsi Məmmədovun daha böyük sərmayələrlə ölkə futboluna töhfə verəcəyinə ümidi artırır. Bəlkə də elə bu səbəbdən Orxan bəy futbol səhnəsindəki mövqeyini rəsmiləşdirdi.

 

Bunun üçün zəmin də əladı. Topaz Premyer Liqasında arxada qalan 4 turdan sonra “Zirə” liderlik kürsüsündə əyləşib. Komanda “Qəbələ” kimi rəqiblə səfərdən bərabərliklə dönməklə yanaşı, inamlı futbolu ilə də adından söz etdirib.  Yatırımın məhz uğurlu dönəmdə artması da başadüşülən və təbiidir. Belə olacağı təqdirdə “qartallar”ın fəxri prezidentinin qış fasiləsində daha elitar klub yaratmaq həvəsinə düşəcəyini proqnozlaşdırmaq çətin deyil. Belədə isə “Qarabağ”la “Qəbələ”yə “əlcək atan” daha bir klub peyda olacaq ki, rəqabət sarıdan korluq çəkən Topaz Premyer Liqasında məclis əməlli başlı qızışacaq. (Sport24.az)

Xəbər xətti