"Sumqayıt" Topaz Premyer Liqasının 6-cı turunda "Qarabağ"a 1:4 hesabı ilə uduzub. "Gənclik şəhəri" təmsilçisi oyunda hesabı açan tərəf olsa da, qapıçı Mehdi Cənətov "Sumqayıt"ı "yandırdı". Dağıstanlı qapıçı bu mövsüm Premyer Liqada ikinci oyununu keçirirdi. "Zirə" ilə qarşılaşmada da çərçivəni qoruyan Cənətov həmin görüşdə də bir neçə kobud səhvə yol verərək "Sumqayıt"ın xal qazanmasına mane olmuşdu.
Oyundan sonra "Sumqayıt"ın çalışdırıcısı Samir Abasov Mehdiyə şans verilməsinin lazım olduğunu bildirib: "Fərhad Vəliyev bir neçə ilə karyerasını bitirəcək. O vaxta kimi yeni qapıçı hazırlamalıyıq. Mehdiyə şans verməliyik ki, özünü göstərsin. Hələliksə, buraxdığı səhvlərə görə cavab verəcək".
Samir Abasov bilmir ki, Mehdinin 25 yaşı var və o, bundan sonra da gələcək vəd edən biri olmayacaq? Olmaz idi ki, bu şans azərbaycanlı qolkiperə verilsin? Komandadan didərgin saldığınız Tərlan Əhmədli bu şansı haqq etmirdi? Səhvi edən və öyrənən də yerli qapıçımız olardı. Hər halda bu səhvləri azərbaycanlı balası edib öyrənsəydi, daha yaxşı olmazdımı? Onsuz da AFFA azərbaycanlı futbolçuların haqqını yeyir. Cənətov qapıçı keyfiyyətlərinin olmadığını hələ "Zirə" ilə qarşılaşmada göstərmişdi. Ancaq bunu klubun prezidenti Kamran Quliyevə sübut etmək mümkün deyil...
"Anji"nin 2-ci komandasında da özünə yer etməyən Mehdi özünü "Sumqayıt"da "tapdı". Cənətov komandaya U-21 və U-23 millilərimizin qapıçısı Tərlan Əhmədlinin gedəcəyi dəqiqləşəndən sonra transfer edilmişdi. "Sumqayıt" Əhmədliyə yad münasibət göstərdi. "Sumqayıt" milliyə oyunçu yetişdirən klub kimi təqdim edilir. Ancaq bu həqiqətdə belə deyil. Çünki Robert Prosineçkinin açıqladığı son siyahıda "Sumqayıt"ın heç bir üzvü yer almamışdı. U-21 komandasının heyətində isə yalnız Xəyal Nəcəfovu qeyd etmək olar. Çünki Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev "Qəbələ"nin yetirmələridir. Klubun prezidenti Kamran Quliyev isə daim bildirir ki, milliyə futbolçu bəxş edirik. Bu qədər fəaliyyətiniz dövrünüzdə yalnız bir "Sumqayıt" yetirməsi yığma üzvüdür.
Nicat Muxtarova AFFA tərəfindən kəsilən 3 200 manatlıq cəriməni ödəməyən klub, futbolçuya bunu ödəməsini tələb etdi. O da məcbur olub başqa yollara düşdü. Təbii ki, oğurluğa haqq qazandırmaq da olmaz. Ancaq bu, Kamran Quliyevin yeni idarəetmə "kəşf"idi. Görünür, Quliyev komandasından çıxan porno ulduzu unudub. Hər halda Pərdis Fərcad-Azad da milli üzvü idi. Cənətov kimi Pərdis də Quliyevin "tapıntısı"dı.
saytlarin hazirlanmasi